Dünya

“Putin Trampı trollamaq üçün yüksək qiymət ödəyəcək…”





Vaşinqton sərt cavab hazırlayır…



…Rusiya lideri Vladimir Putin, görünür, Donald Trampla Alyaskada keçirilən sammitdə Ukraynadakı müharibə ilə bağlı səslənən sülh sazişinə olan ümidləri puça çıxarıb.

SİA-nın məlumatına görə, “New York Post” yazır ki, Rusiya tərəfinin Ankoricdə verdiyi vədlərə baxmayaraq, Kreml hazırda danışıqları mümkünsüz edən ultimatumlar verir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov NBC telekanalında “Meet the Press” verilişində deyib ki, Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında “heç bir görüş planlaşdırılmır”.

Onun sözlərinə görə, belə görüş yalnız Kremlin “gündəmi”nə uyğun gələn ilkin razılaşmadan sonra mümkündür.

Bu gündəliyə bir sıra tələblər daxildir:

-Ukraynanın NATO-ya üzv olmaqdan imtinası;

-Ukrayna dilini qoruyan qanunların ləğvi;

-Moskvanın dəqiqləşdirmədiyi “ərazi məsələləri” üzrə ilkin razılaşma.

Bundan əlavə, Lavrov Zelenskinin legitimliyini şübhə altına alıb və onu “rejimin faktiki rəhbəri” adlandırıb.

Bu cür bəyanatlar ABŞ-ın vitse-prezidenti J.D.Vensin Putinin Alyaskada etiraf etdiyi sözlərlə tamamilə ziddiyyət təşkil edir: “Onlar Kiyevdə oyuncaq rejim qura bilməyəcəklərini etiraf etdilər və ən əsası, Ukraynanın ərazi bütövlüyünə bəzi təminatların lazım olduğunu anladılar”.

“New York Post” hesab edir ki, Putin təkcə Zelenskini deyil, həm də Trampın özünü effektiv şəkildə “trollayır” və “sövdələşmədən imtina etmək sənətini” nümayiş etdirir.

Bu arada Amerika prezidenti öz narazılığını bildirməyə başlayıb.

O, bu yaxınlarda deyib ki, “…təcavüzkar ölkəyə hücum etmədən müharibədə qalib gəlmək çox çətindir, hətta qeyri-mümkündür” və Ukraynanın Rusiya ərazisinə zərbələrini genişləndirmək ehtimalına işarə vurub.

Tramp Rusiya iqtisadiyyatına qarşı sərt ikinci dərəcəli sanksiyalar variantını da masanın üstündə qoyub.

Sammitdən sonra o, Putinə Zelenski ilə şəxsi görüşə keçmək üçün cəmi iki həftə vaxt verib, lakin onlardan birincisi artıq irəliləyiş olmadan keçib.

Beləliklə, Moskva diplomatik razılaşmaları pozmağa hazır olduğunu nümayiş etdirir və eyni zamanda Vaşinqtonun səbrini sınayır.

Müşahidəçilər xəbərdarlıq edirlər ki, Tramp sərt hərəkətlərlə cavab verərsə, Putin Alyaskadakı “sülh siqnallarını” özünün alçaldılmasına çevirmək riski ilə üzləşəcək.

Əli Babayev