Dünya

Böyük Britaniyada günəş panelli yeni poçt qutuları quraşdırılır


Böyük Britaniyada poçt qutularının 175 illik tarixində ən böyük dizayn yeniliyi həyata keçirilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Royal Mail” ölkə üzrə 3 min 500 günəş panelli yeni poçt qutusu quraşdıracağını açıqlayıb.

Yeni qutular rəqəmsal aktivləşdirilən xüsusi bölmə ilə təchiz olunub ki, bu da müştərilərə ayaqqabı qutusu böyüklüyündə bağlamaları göndərməyə imkan verir. Sınaq qutuları bu ilin əvvəlində Hertfordşir və Kembricşirdə yoxlanılıb və yaxın vaxtlarda Edinburq, Mançester, Nottinqem, Şeffild və Sandərlend şəhərlərində də quraşdırılacaq. Müştərilər “Royal Mail” tətbiqindəki barkodu skan edərək qutunun bağlama üçün nəzərdə tutulan rəfini aça biləcəklər. Qutularda məktublar üçün ayrıca bölmə də mövcuddur. Günəş panelləri isə skan və mexanizmlərin işləməsini təmin edir.

Bundan əlavə, göndərişin təsdiqi və bağlamaların izlənməsi də tətbiq vasitəsilə mümkündür.

Hazırda Böyük Britaniyada 115 min poçt qutusu fəaliyyət göstərir və onların 98 faiz əhali ünvanlarından 800 metr məsafədə yerləşir. Bu isə poçt qutularını ölkədə ən əlçatan bağlama təhvilvermə nöqtəsi edir.