İslamda kişilərə qızıl niyə haramdır?
“İslam fiqhində müxtəlif məsələlərlə bağlı hökmlər mövcuddur və bu hökmlərin əksəriyyəti barədə “niyə” və “nə üçün” suallarının verilməsinə ehtiyac duyulmur. Çünki şəriət müəyyən qanun və prinsiplər üzərində qurulmuşdur və möminlər üçün bu qanunların qəbul edilməsi əsasdır”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib.
Fuad Nurullayev sözlərinə belə davam edib: “Bu qaydalardan biri də kişilərin qızıl ziynət əşyalarından istifadə etməsinin qadağan olunmasıdır. İslam hüququna görə, qızıl bəzək əşyaları qadınlar üçün icazəli olduğu halda, kişilər üçün haram hesab olunur. Hətta namaz zamanı kişi qızıl üzük və ya digər qızıl bəzəklərdən istifadə edərsə, bu, namazın batil olmasına səbəb olur.
Mövzunun tibbi aspekti də bəzi mütəxəssislər tərəfindən izah edilmişdir. Onların fikrincə, qızıl bəzək əşyalarının istifadəsi kişilərin orqanizmi üçün faydasız olmaqla yanaşı, mənfi təsirlər də yarada bilər. Qadınlar üçün isə əksinə, qızılın istifadəsi müəyyən qədər faydalı hesab olunur.
Şəriət alimlərinin bu hökmü Qurani-Kərim ayələrinə, sünnəyə və mötəbər dini mənbələrə əsaslanır. Dolayısı ilə onlar şəxsi fikirlərinə görə deyil, mövcud dini əsaslara söykənərək qərar verirlər. Kişilər üçün qızılın istifadəsinin qadağan olunması, qadınlar üçün isə icazəli olması bu dini prinsiplərin bir hissəsidir.
Bəzi izahlar göstərir ki, kişilər qızıldan istifadə etdikdə mənəvi və sosial baxımdan müəyyən mənfi nəticələr də ortaya çıxa bilər. Çünki zinət və bəzənmə daha çox qadınlara məxsusdur. Buna görə də qızıl zinət əşyalarının qadınlar tərəfindən istifadəsi həm dini, həm də estetik baxımdan daha uyğun sayılır.
Nəticə etibarilə, İslam hüququ baxımından qızıl zinət əşyalarının istifadəsi kişilər üçün haram, qadınlar üçün isə halaldır. Bu hökm ibadətlərə də təsir edir: kişi qızıl zinət əşyası ilə namaz qılarsa, onun namazı batil hesab olunur, qadınlar üçün isə belə bir məhdudiyyət yoxdur”.
Ayşən Vəli