Zəngəzur dəhlizi yeni mərhələdə Avrasiya əməkdaşlığının açarıdır
Zəngəzur dəhlizinin hər iki nəqliyyat marşrutuna – həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərinə daxil edilməsi bütövlükdə Avrasiyanın inkişafında yeni səhifə açır.
SİA-nın məlumata görə, bu barədə israilli politoloq Yuri Boçarov bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidentinin birbaşa iştirakı ilə imzalanan memorandum səylərin əlaqələndirilməsinə xidmət edir ki, bu da artıq investorların ciddi marağını cəlb edib və region ölkələrinə kapital axınında mühüm amilə çevriləcək.
“Əlbəttə, layihənin praktiki reallaşması, infrastrukturun qurulması və mövcud hissələrin modernləşdirilməsi zaman tələb edir. Lakin qəbul edilmiş qərarın özü tarixi və qəti xarakter daşıyır. Bu addım regiondakı qüvvələr balansını dəyişir, iştirakçı dövlətlər arasında yeni səviyyədə etimad formalaşdırır, sərmayədarlarla əməkdaşlıq üçün şəffaf və qarşılıqlı faydalı model yaradır. Ən əsası isə, Mərkəzi Asiya ölkələrinə Rusiya və Çin təsirindən kənara çıxaraq Avropa ilə birbaşa işləmək imkanı açır. Bu isə region dövlətlərinə marağı kəskin şəkildə artırır”, – deyə politoloq qeyd edib.
Yuri Boçarov bildirib ki, Zəngəzur dəhlizi, sadəcə, nəqliyyat arteriyası deyil, beynəlxalq əməkdaşlığın yeni arxitekturasının açar elementidir. “Layihəyə Amerikanın dəstəyi olsa da, Rusiya da marağını qoruyur. Çünki gələcəkdə Rusiya Şimal Dəniz Marşrutunu Cənub istiqaməti ilə birləşdirərək Xəzər dənizi və İran vasitəsilə Fars körfəzinə çıxış əldə edə bilər. Bunun üçün isə Azərbaycandakı dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və İranda yarımçıq qalmış hissələrin tamamlanması vacibdir. Bu prosesdə Azərbaycan olmadan heç bir nəticə əldə etmək mümkün deyil”, – deyə ekspert vurğulayıb.
Politoloqun sözlərinə görə, məhz Azərbaycanın bu strateji marşrutların kəsişməsində yerləşməsi ölkəni Avrasiyanın və Yaxın Şərqin təbii logistika mərkəzinə çevirir. “Burada Şərqlə Qərb, Şimalla Cənub birləşir və milyardlarla dollarlıq yük və maliyyə axınının ritmi, səmərəliliyi böyük ölçüdə Azərbaycanın mövqeyindən asılı olacaq”, – deyə Y.Boçarov diqqətə çatdırıb.
O hesab edir ki, bu layihə region ölkələri qarşısında çoxşaxəli imkanlar açır. Buraya yeni çoxtərəfli əməkdaşlıq formatlarının yaradılması, siyasi etimadın və təhlükəsizliyin möhkəmlənməsi, birgə nəqliyyat-logistika şirkətləri və sənaye zonalarının təşkili, enerji və tranzit əməkdaşlığının genişləndirilməsi daxildir.
“Tam əminliklə demək olar ki, Azərbaycanın Prezidenti İlham Əliyevin ardıcıl və praqmatik siyasəti ölkəni bu qlobal layihələrin strateji mərkəzinə çevirib. Bu gün Azərbaycan bütün region üçün yeni üfüqlər açır və Cənubi Qafqazın aparıcı dövləti statusunu bir daha təsdiqləyir. Ona görə də, bəzi dairələr Zəngəzur dəhlizini “Tramp marşrutu” adlandırsalar da, əslində, bu yol Prezident İlham Əliyevin adı ilə bağlıdır. Çünki məhz onun qətiyyəti və strateji baxışı nəticəsində layihə reallığa çevrildi. Bu, onun uzaqgörənliyinin və regional inteqrasiyanın gələcəyini dəqiq hesablamasının bariz göstəricisidir”, – deyə israilli politoloq vurğulayıb.