Siyasət

Bəşəri amallara sadiqlik


“Azərbaycan dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və müstəqil siyasət yürütmələrinə böyük önəm verir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, ölkəmizin rəhbəri cənab İlham Əliyev dünyada sülhün, əminamanlığın, qarşılıqlı əməkdaşlığın, sağlam münasibətlərin tərəfdarıdır və fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməmişdir.

“Azərbaycan həm də donor ölkə kimi tanınır. Çətin şəraitdə olan ölkələrə humanitar, maliyyə dəstəyi göstərir. Xarici ölkələrdə məktəblər, uşaq bağçaları tikir, mədəni–dini abidələri bərpa edir, köməksizlərə arxa–kömək olur. Bu, əlbəttə ki, bəşəri dəyərlərdən qaynaqlanır. Cənab İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl–Ərəbiyyə” telekanalına müsahibəsində də bu dəyərlərə üstünlük verdiyini geniş ifadə etmiş və gərəkli olduğunu bildirmişdir. Dövlətimizin rəhbəri qeyd etmişdir ki, “Biz 80-dən çox ölkəyə maliyyə dəstəyi, humanitar dəstəyi təmin edirik… Biz separatizmin istənilən təzahürlərinə qarşıyıq – istər Qarabağda, istər Suriyada, istərsə də dünyanın hər hansı bir digər yerində olsun”. Bu, reallıqdır. Çünki Azərbaycan uzun illər separatizmdən, işğaldan əziyyət çəkən bir ölkə kimi müharibənin ağrılarını yaşamışdır, şəhərləri, kəndləri, bir çox yaşayış məntəqələri viran edilmiş, meşələri qırılmış, tarixi–dini abidələri yer üzərindən silinmişdir.

İşğal və müharibə dövründə ölkəmizə beynəlxalq aləm tərəfindən lazimi dəstək verilməsə də rəhbər – xalq – ordu birliyi düşmən üzərində qələbəni təmin etmiş, erməni faşistlərinin ayağı torpaqlarımızdan kəsilmişdir. Həmin çətin günlərdə Azərbaycana mənəvi, humanitar dəstək verən ölkələri Azərbaycan heç vaxt yaddan çıxarmaz və bu gün həmin dövlətlərlə qardaşlıq, dostluq münasibətlərimiz möhkəmlənməkdə, genişlənməkdədir. Çətin gündə sınaqdan keçən hər bir ölkə Azərbaycan üçün əzizdir. Dövlətimiz də çətin anlarda bəzi ölkələrə kömək əlini uzatmaqla, maddi, humanitar yardım göstərməklə həm dostlarının sayını artırır, həm də bəşəri amallara sadiq olduğunu nümayiş etdirir”, deyə Tahir Rzayev bildirib.