Dünya

Britaniya kral ailəsi ilə bağlı yeni kitab rezonans doğurub


Britaniya kral ailəsi ilə bağlı qalmaqallı iddialar Valentin Lounun qələmə aldığı “Power And The Palace” adlı yeni kitabda yer alıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, sentyabrın 11-də satışa çıxacaq kitab artıq dərc olunmamışdan əvvəl böyük rezonans doğurub.

“The Times” qəzetində dərc edilən məlumatlar göstərir ki, kitab monarxiya ilə hökumət arasındakı pərdəarxası münasibətləri açmaqla yanaşı, kral ailəsinin şəxsi həyatına dair bir sıra sensasion məqamları da üzə çıxarır. Müəllifin iddialarına görə, mərhum Kraliça II Elizabet “Brexit”ə qarşı olub və Avropa İttifaqından (Aİ) çıxmağa etiraz edib. Onun bir nazirə “Biz Aİ-dən ayrılmamalıyıq” dediyi bildirilir. Bu fikir monarxın siyasi neytrallıq öhdəliyi ilə ziddiyyət təşkil edir.

Kitabda, həmçinin Kraliça Kamillanın məktəbli ikən qatarda tanımadığı bir şəxsin cinsi hücumunu dəf etdiyi qeyd olunur. Müəllif yazır ki, Kamilla gənclik illərində belə bir təhlükəli vəziyyətlə üz-üzə qalsa da, özünü qorumağı bacarıb.

Digər bir iddiaya əsasən, sabiq Baş nazir Boris Conson koronavirusa yoluxduğu dövrdə mərhum Kraliça Elizabet ilə görüşməyə çalışıb. Bu, pandemiya qaydalarına və sarayın təhlükəsizlik tədbirlərinə zidd addım kimi dəyərləndirilir.