Sosial

Gəncədə sahibkar qadınlar üçün təlim keçirilib


Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsi çərçivəsində sahibkar qadınlar üçün təlim təşkil olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, təlimdə Gəncə Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələri, eləcə də kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar iştirak ediblər.

Bildirilib ki, layihənin əsas məqsədi qadınların hüquqi və maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqlarını artırmaqla yeni bizneslərin yaradılmasına, mövcud bizneslərin inkişafına və ümumilikdə iqtisadi artıma dəstək göstərməkdir. Layihə qadınların ideyalarını biznesə çevirməsi üçün hüquqi və maliyyə savadlılığın artırılmasına, həmçinin yeni biznesə başlayan və ya mövcud fəaliyyətini genişləndirmək istəyən qadınların motivasiyasına töhfə verəcək.

Qeyd olunub ki, son illərdə Gəncədə qadınların biznes fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Onların sahibkarlıq təşəbbüslərinə dəstək məqsədilə müxtəlif addımlar atılır, əl işləri, xidmət və innovativ layihələrin bazara çıxarılması üçün sərgilər və satış yarmarkaları təşkil edilir. Bu təşəbbüslər qadınların iqtisadi fəallığının artmasına və regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir.

Təlim zamanı mövcud biznes fəaliyyəti zamanı yarana biləcək çətinliklər müzakirə olunub və onların mümkün həlli yolları barədə iştirakçılara məsləhətlər verilib.