Siyasət

“Sammitin əhəmiyyəti təkcə siyasi deyil,…”


“Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti, həm regional, həm də qlobal miqyasda əhəmiyyətli bir siyasi hadisədir. Bu tədbir yalnız təşkilata üzv ölkələrin deyil, eyni zamanda müşahidəçi və dialoq tərəfdaşı statusunda olan dövlətlərin də beynəlxalq əməkdaşlıq perspektivlərini müəyyənləşdirən platforma kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu sammitdə iştirakı və dialoq tərəfdaşı statusunda təmsil olunması ölkəmizin xarici siyasətində çoxvektorlu yanaşmanın bariz nümunəsidir: “Azərbaycan uzun illərdir balanslaşdırılmış və praqmatik diplomatiya yürüdür. Bu siyasətin nəticəsi olaraq ölkəmiz həm Qərblə, həm də Şərqlə əməkdaşlıq edə bilir, regional təşəbbüslərdə fəal iştirak edir: “ŞƏT ilə əməkdaşlığımızın genişlənməsi Azərbaycanın regional siyasətinə bir neçə istiqamətdə müsbət təsir göstərəcəkdir. Əvvəla, təşkilat çərçivəsində iqtisadi əməkdaşlığın, nəqliyyat-logistika layihələrinin və enerji təhlükəsizliyi məsələlərinin prioritet mövzu olması Azərbaycanın tranzit ölkə kimi rolunu daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi layihəsi və Orta Dəhliz kimi təşəbbüslər ŞƏT ölkələrinin maraqları ilə üst-üstə düşür. Digər tərəfdən, təşkilat regional təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayırır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparmaqla yanaşı, sülhün bərqərar olunması üçün də mühüm təşəbbüslər göstərir. ŞƏT çərçivəsində əməkdaşlıq bu proseslərə beynəlxalq dəstəyin artmasına imkan yarada bilər. Bu, həm də Azərbaycanın sülhsevər mövqeyini beynəlxalq aləmdə daha da gücləndirəcək.

Sammitin əhəmiyyəti təkcə siyasi deyil, həm də sosial-mədəni müstəvidə özünü göstərir. Çünki ŞƏT yalnız iqtisadi və təhlükəsizlik təşkilatı deyil, eyni zamanda mədəniyyətlərarası dialoqu, elmi əməkdaşlığı və xalqlar arasında yaxınlaşmanı təşviq edir. Azərbaycanın zəngin multikultural dəyərləri və tolerantlıq ənənəsi bu platformada müsbət nümunə kimi təqdim edilə bilər. Ümumilikdə, Tiencində keçirilən sammit Azərbaycanın regional və qlobal siyasətdə mövqelərini gücləndirmək baxımından olduqca önəmlidir. Azərbaycan dialoq tərəfdaşı statusunu praktik əməkdaşlıq layihələri ilə daha da dərinləşdirərək həm öz milli maraqlarını təmin edəcək, həm də regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verəcəkdir”.