Çində insan bədəninin istiliyini elektrik enerjisinə çevirən parça yaradılıb
Çinli alimlər insan bədəninin istiliyini elektrik enerjisinə çevirməyə qadir elastik material hazırlayıblar. Bu yenilik gələcəkdə öz-özünə enerji yığan “ağıllı” geyimlərin və geyiləbilən qurğuların istehsalına imkan verəcək. SİA xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
“Dünyada ilk dəfə “termoelektrik rezin” konsepsiyasını irəli sürən bizik”, – deyə tədqiqat qrupunun rəhbəri, Pekin Universitetinin materialşünası Ley Tin bildirib. Əsas yenilik yarımkeçirici polimerlərin elastik rezinlə hibrid strukturu vasitəsilə birləşdirilməsidir. Material ilkin uzunluğunun 850 faizindən çox dartıla bilir, bununla belə yüksək elektrik keçiriciliyi və ənənəvi qeyri-üzvi materiallarla müqayisə oluna biləcək termoelektrik xüsusiyyətlərini saxlayır.
Qəzet yazır ki, ixtira geyiləbilən qurğular üçün tez-tez enerji doldurma problemini həll edə bilər. Alimlər materialı elə geyimlərə tətbiq etməyi planlaşdırırlar ki, bu geyim həm cibdəki telefonu enerji ilə təmin etsin, həm də bədənin temperaturunu tənzimləsin. Digər potensial tətbiq sahələrinə isə xarici batareyalara ehtiyac duymayan tibbi sensorlar daxildir.