Dünya

Rusiya ABŞ-İran danışıqlarında vasitəçilik etməyə razıdır


Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa İranla bir sıra məsələlər, o cümlədən İslam Respublikasının nüvə proqramı üzrə danışıqlarda kömək etməyə razılaşıb.

SİA-nın məlumatına görə, Bloomberg bu barədə çərşənbə axşamı, martın 4-də məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, tərəflər bu məsələni həm Putinlə Trampın fevralda telefon danışığı zamanı, həm də Ər-Riyadda nümayəndə heyətləri arasında təmas zamanı müzakirə ediblər. Lakin Rusiya və İran belə bir razılaşmanı rəsmən təsdiqləməyib.

Kremlin sözçüsü Dmitri Peskov isə öz növbəsində qeyd edib ki, Vaşinqton və Tehran bütün problemləri danışıqlar yolu ilə həll etməlidir və Moskva “buna nail olmaq üçün əlindən gələni etməyə hazırdır”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyanın Tehran və Vaşinqton arasında vasitəçilik təklif edib-etmədiyini soruşduqda, ölkələrin yardım təklif etməsinin “təbii” olduğunu deyib.

Eyni zamanda, İranın Milli Müqavimət Şurası hesabat yayaraq, respublikanın Müdafiə Nazirliyinin nüvə silahının hazırlanması ilə məşğul olan məxfi agentliyinin ölkənin kosmik proqram obyektləri ərazisində fəal iş apardığını qeyd edib.

Əli Babayev