“Azərbaycan bu gün müstəqil bir dövlət modeli ortaya qoya bilib”
“İlk dəfə 2013-cü ildə baş tutan Bakı Qlobal Forumu artıq bu gün 12-ci tədbirinə toplaşır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, forum dünyanın müxtəlif ölkələrindən hal-hazırda fəaliyyət göstərən və yaxud da ki, dövlət və ictimai xadimlərinin daxil olduğu Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilir: “Forumun məqsədi adından da göründüyü kimi qlobal məsələləri həll etməkdir. Əgər birinci forumda Dağlıq Qarabağ məsələsi mədəniyyətlərarası münasibətlər mövzusu gündəmdə idisə, builki forumda artıq yenilənən dünyanın fürsətlərindən istifadə edilməsi şüarı əsas götürülür. Bu onu göstərir ki, Bakı forumu dünyada gedən proseslərin müzakirəsi baxımından çox ciddi bir tədbirə çevrilir. Bir qayda olaraq qonaqlar xarici ölkələrin liderləri, tanınmış ictimai siyasi xadimləri bu və digər məsələ barəsində nüfuzlu ekspertlər olurlar. O cümlədən Azərbaycan tərəfdən də ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı və onun məzmunlu çıxışı da forumun əsas məsələlərindən birinə çevrilir.
Forum şübhəsiz ki, bu gün dünyada gedən dəyişiklikləri bir daha müzakirə edəcək. Bu dəyişikliklər içərisində hər bir ölkənin təhlükəsiz və inkişaf edən bir modelinin axtarmasına kömək edəcək. Müxtəlif fikirlərin səsləndirilməsi, təcrübənin bölüşdürülməsi şübhəsiz ki dəyişən dünyaya yenidən baxmağa, onun müsbət tərəflərini görməyə çatışmazlığı aradan qaldırmaq üçün birgə səylər göstərməyə kömək edir. Azərbaycanın bu məsələdə kifayət qədər böyük təcrübəsi var. Azərbaycan bu gün müstəqil bir dövlət modeli ortaya qoya bilib. Hansı ki, ölkənin suveren hüquqlarını müdafiə edir. Vətəndaşların hüquq və azadlıqlarını təmin edir. Azad sahibkarlıq inkişaf edir. Azərbaycan uğurlu dövlətçilik modeli ilə özünü ərazi bütövlüyü ilə təmin edir və regionda uzunmüddətli sülhün bərqərar edilməsi üçün öz səylərini göstərir. Hesab edirəm ki, XII Bakı Qlobal Forumu dünyaya yeni baxışın ortaya qoyulmasında böyük bir rol oynayacaq və birdaha dünya Azərbaycanın beynəlxalq birlikdə sülhün, əmin-amanlığın təmin edilməsində oynadığı rola qiymət verəcəkdir”.