İqtisadiyyat

Kameral vergi yoxlaması əsasında hesablanmış vergi 18 % artıb


2024-cü ildə Azərbaycanda 77,3 min vergi ödəyicisinə 150,6 min kameral vergi yoxlaması əsasında 1 milyard 168,9 milyon manat əlavə vergi hesablanıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, 2023-cü illə müqayisədə kameral yoxlamaya cəlb edilmiş vergi ödəyicilərinin sayı 2,5 min vahid, yoxlamaların sayı 76 vahid azalıb, hesablanmış vergi isə 178,8 milyon manat və yaxud 18,1 % artıb.

Sənədə əsasən, kameral vergi yoxlaması aparılmış vergi ödəyicilərinin sayı həmin dövr üzrə aktiv vergi ödəyicilərinin sayında 9,8 % paya malik olub. Kameral vergi yoxlaması ilə hesablanmış vergilərin 329 milyon manatının və yaxud 28,1 %-nin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 58 milyon manat və yaxud 21,4 % çoxdur.

Kameral vergi yoxlaması ilə hesablanmış vergilərin 999,6 milyon manatı və yaxud 85,5 % elektron uyğunsuzluq əsasında aparılmış yoxlama ilə, 169,3 milyon manat və yaxud 14,5 %-i isə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar uyğunsuzluq əsasında aparılmış yoxlama ilə hesablanıb.

Hesablanmış vergilərin ümumi məbləğinin 734,7 milyon manatını və yaxud 62,9 %-ni əlavə dəyər vergisi, 269,2 milyon manatını və yaxud 23 %-ni mənfəət vergisi, 63,6 milyon manatını və yaxud 5,4 %-ni gəlir vergisi, 15,7 milyon manatını və yaxud 1,3 %-ni sadələşdirilmiş vergi, 58,7 milyon manatını və yaxud 5 %-ni vahid bəyannamə üzrə vergilər, 27 milyon manatını və yaxud 2,3 %-ni isə digər vergilər təşkil edib.

Ötən il kameral vergi yoxlaması üzrə 6,8 min şikayət daxil olub ki, bu da il üzrə ümumi kameral yoxlamaların sayında cəmi 4,5 % paya malik olub.