Deputat şəhid, qazi ailələrinə, ağsaqqalara bayram sovqatları göndərib
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev Novruz bayramı münasibətilə şəhid, qazi ailələrinə, ağsaqqallara bayram sovqatları göndərib və Xaçmaz rayonunda İftar mərasimi təşkil edib. SİA xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev Novruz bayramı münasibətilə seçicilərinə, ağsaqqallara, şəhid və qazi ailələrinə təbrik ünvanlayıb.
Seçicilərinə səmimi diləklərini və xoş arzularını yetirən millət vəkilinin təbrikində deyilir ki, Novruz bayramı xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur, öz tarixi keçmişimizə yüksək ehtiramımızı və milli dəyərlərimizə dərin bağlılığımızı nümayiş etdirir.
Xalqımız Novruz bayramını son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur mənbəyimiz olan Şanlı Zəfərimizin və Böyük Qayıdışımızın dogurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir.
Deputatın ofisindən daxil olan məlumata əsasən Novruz bayramı münasibətilə millət vəkili tərəfindən 57 saylı Seçki Dairəsi üzrə Xaçmaz rayonundan 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdə rayonlarından isə 255 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatlarının çatdırılması təmin edilib.
Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə rayon rəhbərliyinin, geniş ictimaiyyətin nümayəndələrinin, ağsaqqalların, şəhid ailələrinin, qazilərin və oruc tutan sakinlərin iştirakı ilə Xaçmaz rayonunda 550 nəfərlik İftar mərasimi təşkil olunub.