Dünya

Praqa Kiyev ilə Moskva arasında atəşkəs səylərini dəstəkləyib


Çexiya Müdafiə Nazirliyinin rəhbəri Yana Çernoxova ölkəsinin Ukraynaya sarsılmaz dəstəyini bəyan edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazir bu sözləri martın 15-də Praqada ukraynalı həmkarı Rustem Umerov ilə görüşdən sonra deyib. Yana Çernoxova atəşkəsin əldə edilməsinə yönəlmiş səylərin müsbət qiymətləndirilməsindən danışıb və vurğulayıb ki, əgər Rusiya Federasiyası ilə razılaşma əldə edilərsə, onun qiyməti Ukraynanın öz ərazilərindən imtina etməsi ola bilməz.

Xatırladaq ki, Çexiya Ukraynanı dəstəkləyən ölkələr sırasında yer alır. İki postsovet ölkəsi arasında münaqişə başlayandan bəri Çexiya Ukraynaya 292 milyon avro məbləğində hərbi dəstək verib. Martın əvvəlində isə müdafiə naziri Çernoxova Ukraynanın Xarkov vilayətinə səfər edib, burada keçmiş Çexoslovakiya hərb tarixi ilə bağlı yerləri ziyarət edib, İkinci Dünya müharibəsi zamanı həlak olmuş əsgərlərin xatirəsini ehtiramla anıb.