Forumun sonuncu panel iclası gənc liderlərin çıxışları ilə yekunlaşıb
Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 15-də işini panel iclaslarla davam etdirib. Forumun sonuncu günündə dörd mövzuda panel iclasları keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, forumun “Gənclər danışsın, biz dinləyək” mövzusunda sonuncu panel iclasının ikinci hissəsi “Sigma Squared”in baş katibi Assen Plevnelievin moderatorluğu ilə keçirilib. Panelin ikinci hissəsində gənc liderlər dünyada mövcud iqtisadi vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Latviya Respublikası Ədliyyə Nazirliyinin Dövlət hüquq departamentinin direktor müavini Marts Eduards İvaskis fəaliyyət göstərdiyi sahə ilə bağlı təcrübəsini bölüşüb, həmçinin indiyədək dezinformasiya və yanlış məlumat yayma kampaniyaları, sağ populist partiyalar və Avropa İttifaqı siyasəti ilə əlaqəli mövzularda çıxış etdiyini bildirib.
“Chatham House”da US və Amerika Proqramı üzrə “Schwarzman Academy Fellow” olaraq fəaliyyət göstərən Kanişx Kanodia hazırda tədqiqatlarının Birləşmiş Ştatların təhlükəsizlik və müdafiə siyasəti üzərində cəmləndiyini diqqətə çatdırıb. O, ABŞ-Çin münasibətləri və Hind-Sakit okean hövzəsində rəqabətlə bağlı məsələləri araşdırmaqla maraqlandığını deyib.
Aspen İnstitutu Beynəlxalq Partnyorları təşkilatının direktor müavini Savannah Lane bildirib ki, beynəlxalq münasibətlər sahəsində Vaşinqton, D.C.-də aparıcı proqramlar və siyasət direktoru olaraq fəaliyyət göstərir. O, xüsusən mədəniyyət diplomatiyası və qadın liderliyi sahələrinə yönəlir və beynəlxalq təhlükəsizlik mövzusunda ixtisaslaşır.
Savannah “NATO 2030 Global Fellowship” proqramını başladıb və bu təşəbbüsə NATO-nun İctimai Diplomatiya Bölməsi dəstək verib. Bu rolda, Savannah TRT World, ANews və digər media orqanlarında beynəlxalq şərhçi kimi çıxış edib.
Əhmədiyyə Müsəlman İcması Əmirinin müşaviri Eiqan Əhməd Şams bildirib ki, Reyxman Universitetində hüquq üzrə bakalavr (LLB) və hökumət, beynəlxalq münasibətlər və strateji araşdırmalar üzrə bakalavr (BA) təhsili alır. O, Müqəddəs Torpaqda Əhmədiyyə Müsəlman İcmasının rəhbərinin müşaviri kimi bir çox konfransların təşkilində əsas rol oynayır. Bu səylər xüsusilə son müharibədən sonra, ərəb və yəhudi icmaları arasında etimad və qarşılıqlı anlaşmanı gücləndirmək məqsədi daşıyır.
“İdeologiyanı bombalarla susdurmaq mümkün deyil. Terrorçuluqla mübarizədə müharibə yolunun sonu yoxdur”, – deyə Eiqan Əhməd Shams bildirib.
Panel iclasının digər iştirakçısı – Çipata şəhərinin meri George Mvanza Zambiya tarixində 2021-ci ilin avqustunda ölkənin ən gənc seçilmiş meri kimi yer alıb. Onun şəxsi şüarı belədir: “İnklüziv, inkişaf etmiş və daha yaxşı Çipata şəhəri üçün”.
“Biz 50 min ev təsərrüfatını su ilə təchiz etdik. İqlim böhranın insanların həyatına mənfi təsir göstərdiyi dövrdə biz Afrikada bələdiyyələrin əhalinin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətə yönləndirməsini təşviq edirik”, – deyə George Mvanza əlavə edib.
Digər çıxış edənlər öz ölkələrinin təcrübələrini bölüşməklə yanaşı, gənclərin səsinin eşidilməsi, idarəçilikdə və vacib qərarların qəbulunda onlarında mövqeyinin nəzərə alınmasının vacibliyini vurğulayıblar.
Gənclər arasında yekun fikir mübadiləsindən sonra XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb.