Dünya

Sülh danışıqları üçün Ukrayna nümayəndə heyəti təsdiqlənib


Prezident Vladimir Zelenskinin əmrinə əsasən, Ukraynanın sülh danışıqları üzrə danışıqlar qrupuna prezident aparatının rəhbəri Andriy Yermak və onun müavini Pavlo Palisa, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov daxildir.

SİA-nın məlumatına görə, sərəncam “Ədalətli sülhə nail olmaq üçün danışıqlar prosesini təmin etmək məqsədilə beynəlxalq tərəfdaşlarla qarşılıqlı fəaliyyət üçün Ukraynanın nümayəndə heyəti haqqında” adlanır.

Nümayəndə heyətinə Yermak başçılıq edəcək. Ona “Ukrayna Xarici İşlər Naziri ilə razılaşdırmaqla Ukrayna nümayəndə heyətinin tərkibində dəyişikliklər etmək və Ukrayna nümayəndə heyətinin rəhbərləri, elmi məsləhətçiləri və ekspertləri ilə razılaşdırmaqla, Ukrayna nümayəndə heyətinin işini təmin etmək üçün müəyyən edilmiş qaydada dövlət orqanlarının, müəssisə, idarə və təşkilatlarının əməkdaşlarını cəlb etmək hüququ verilir”.

Analoji tərkibdə Ukrayna nümayəndə heyəti martın 11-də Ciddədə Donald Tramp administrasiyasının nümayəndələri ilə danışıqlarda iştirak edib.

Görüşdə Amerika tərəfini dövlət katibi Marko Rubio və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals təmsil edib. Onun nəticəsi Kiyevin Moskvanın analoji addım atması və Vaşinqtonun hərbi yardım və kəşfiyyat mübadiləsini bərpa etməsi şərti ilə 30 günlük atəşkəslə razılaşması oldu.

Əli Babayev