Sosial

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyevlə görüş keçirib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, nazir müsabiqə qaliblərinə gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb, onların peşəkar potensialının inkişafına dəstək göstərilməsi, təcrübə imkanlarının artırmaları üçün şərait yaradılacağını qeyd edib.

O, ölkənin sosial-iqtisadi həyatına yeni nəsil peşəkarların qazandırılmasında Mentorluq Proqramının əhəmiyyətini, qaliblərin bilik və təcrübələrindən gələcəkdə daha səmərəli istifadə üçün də dəstək olacağını bildirib.

Görüşdə son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan ardıcıl islahatlar, sosial müdafiə və aktiv məşğulluq proqramları, DOST konsepsiyası barədə müsabiqə qaliblərinə məlumat verilib. Sosial sahədə innovativ yanaşmaların, rəqəmsal həllərin geniş tətbiqi işləri və sosial hədəflər diqqətə çatdırılıb.

Qaliblər Mentorluq Proqramı çərçivəsində karyera hədəflərini daha dəqiq müəyyənləşdirmək imkanı qazandıqlarını və gələcək fəaliyyətlərində sosial layihələrə daha çox töhfə verməyə çalışacaqlarını bildiriblər.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.