Siyasət

Azərbaycanla Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq müzakirə edilib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevlə görüşüb. Bu barədə SİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, görüş zamanı akademik əməkdaşlıq, Türk dünyasında elmi əlaqələrin genişləndirilməsi və Azərbaycan alimləri ilə yeni tərəfdaşlıq imkanları müzakirə edilib.

Şahin Mustafayev bu il Türk Akademiyasının 15 illik yubileyini qeyd etdiyini bildirərək qurumun 2025-ci il üçün fəaliyyəti və həyata keçirdiyi mühüm layihələr barədə məlumat verib. O, Akademiyanın fundamental elmi tədqiqatların aparılması, beynəlxalq konfransların təşkili kimi sahələrdə gördüyü işlərdən də bəhs edib.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası və azərbaycanlı tədqiqatçılar ilə əməkdaşlığa xüsusi diqqət yetirilib.

Akademik Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan alimlərinin müvafiq sahədə apardıqları birgə tədqiqatlar və əldə etdikləri mühüm elmi nailiyyətlər Türk dünyasının ortaq elmi və tarixi-mədəni irsinin öyrənilməsində mühüm rol oynayır.

Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və Türk dünyasında elmi diplomatiyanın gücləndirilməsində Akademiyanın mühüm roluna diqqət çəkib. O həmçinin iki tərəf arasında əməkdaşlığın daha da inkişafına dəstək verməyə hazır olduğunu bildirib.