Novruz bayramı bizim tarixi bayramımızdır
Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Novruz bayramı xalqımızın ən doğma,ən sevimli,ən əziz və ulu babalarımızın zəngin mənəvi aləmini dolğun əks etdirən milli bayramımızdır.
Novruz bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra, 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu, o vaxt ölkəmizin rəhbəri seçilən Ümummilli Lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi. Ulu Öndər Heydər Əliyev Novruzu həm də milli birlik bayramı adlandırırdı: – “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıbdır. Ona görə də, bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır”.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2003-cü ildə Azərbaycan muğamının UNESKO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri” elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş genişmiqyaslı fəaliyyət dövlətin mədəniyyət siyasətində xalqın milli dəyərlərinin prioritet kimi götürülməsinin nə qədər doğru və real olduğunu təsdiqləyir. Bu istiqamətdə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycanın siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə, etnoenergetik qüvvəyə malik olduğunun parlaq sübutudur. Novruz ənənələri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandırır. Prezident cənab İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Novruz tonqalını alovlandırması bayram ovqatını daha da artırır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi. 44 günlük Vətən Müharibəsində qazandığımız Qələbə yurdumuza əbədi bahar gətirdi.Bu Qələbə bizi bütün dünyaya məğrur millət kimi tanıtdı.Bu Zəfəri bizə bəxş edən müzəffər Ordumuza, Ali Baş Komandan cənab İlham Əliyevə,and yerimiz olan şəhidlərimizə, düşmənlə hər döyüşdə qəhrəmanlıq səlnaməsi yazan əsgər və qazilərimizə borcluyuq. Biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov