Siyasət

“Amerikanın səsi” və “Azadlıq” radioları təxribatlarının qurbanı oldular


Hər zaman belə olub yalan, böhtan səsləndirənlər, qeyri-qanuni əməllər törədənlər nəhayət, ifşa olunublar. Azərbaycanın el məsəlində deyildiyi kimi, “oğurluqla, əliəyriliyin ömrü 40 gün çəkər” və ya “yalan ayaq tutar amma yeriməz”. Araşdırmalara əsasən demək olar ki, fəaliyyətlərini yalan, böhtan üzərində quran ictimai-siyasi təşkilatlar az sonra ya təbii proseslər nəticəsində sıradan çıxırlar ya da qapadılırlar. Uzun müddət “Amerikanın səsi” və “Azadlıq” radioları dezinformasiyaları, şər və böhtanları ilə meydan suladılar, cəmiyyətlərdə yalanları ilə ikili fikir formalaşdırmağa çalışdılar. Təbii ki, belə bir qərəzli fəaliyyətin sonu olmalı idi, oldu da. ABŞ-nin yeni prezidenti Donald Trampın ABŞ Qlobal Media Agentliyini (USAGM) ləğv etmək əmrindən sonra “Amerikanın səsi” və “Azadlıq” radiosu fəaliyyətini dayandırıblar. Eyni zamanda “Azad Asiya Radiosu”nun da ( Radio Çin, Şimali Koreya, Myanma, Kamboca və sair ölkələrdə yayımlanırdı. İ.Ə. ) maliyyələşdirilməsi dayandırılıb. “Amerikanın səsi”nin direktoru Maykl Abramovitsin bildirib ki, “bu səhər öyrəndim ki, “Amerikanın səsi” nin 1300-dən çox jurnalisti, prodüseri və texniki heyəti inzibati məzuniyyətə göndərilib. Mən də onların içindəyəm. Bu tarixi media platformasının susması məni dərindən kədərləndirir”. ABŞ-nin keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenell “Amerikanın səsi” və “Azadlıq” radiosu”nu qərəzlilikdə ittiham edərək bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib. D.Trampın az qala vuran əli, danışan dili hesab olunan amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında paylaşımında qeyd edib ki, dövlət tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” (Voice of America) və “Azadlıq Radiosu” (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını dəstəkləyir: “ABŞ “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalıdır, çünki heç kim onları dinləmir, onların fəaliyyəti isə ildə təxminən 1 milyard dollara başa gəlir”. İlon Mask bu radiostansiyaları “öz-özünə danışan dəli” radikal solçular hesab edir. O, “Politico”, “The New York Times” və “Associated Press” nəşrlərinin də ABŞ hökuməti tərəfindən maliyyələşdirilməyəcəyini açıqlayıb. Bu isə ABŞ hakim dairələrinin reallıqları qəbul etdiyini və bir sıra ABŞ hökuməti tərəfindən maliyyələşən KİV-lərin təxribatlarla, şər və böhtanlar yayımlamaqla məşğul olduqlarını və bütün bunların ABŞ-nin beynəlxalq aləmdəki imicinə zərbə vurduğunu başa düşürlər. Təbii ki, ABŞ hökuməti üçün ən utancverici media orqanları “Amerikanın səsi” və “Azadlıq” radiolarıdır. Çünki sözügedən radiolar az qala terrorçularsayağı fəaliyyət yolu tutur, cəmiyyətləri təhdid edən informasiyalar yayımlayırdılar.

Uzun illər bu radiolar Azərbaycana qarşı qərəz nümayiş etdiriblər

“Amerikanın səsi” radiosu 1942-ci ildən fəaliyyətə başlayıb və nasist Almaniyasının təbliğatına qarşı mübarizə üçün yaradılıb. “Azadlıq” radiosu isə 1950-ci ildən fəaliyyətə başlayıb, ilk vaxtlar Şərqi Avropa ölkələrində, 1953-cü ildən sonra isə SSRİ-də yayımlanmağa başlayıb. Yayımlanmasının ilkin dönəmlərində ədalətli mövqeyi, səffaf fəaliyyəti ilə seçilməyə çalışan radiolar sonradan boyunlarındakı iplərin ağalarının əlində olması səbəbindən qərəzli mövqe sərgiləməyə, təxribat xarakterli informasiyalar tirajlamğa başladılar. ABŞ hökuməti tərəfindən maliyyələşən “Amerikanın səsi” və “Azadlıq” radiolarının əsasən fəaliyyət istiqamətləri Azərbaycan kimi azad, demokratik, daim sosial, iqtisadi, hərbi cəhətdən güclənməkdə olan dövlətlər barədə dezinformasiya xarakterli informasiyalar paylaşmaq olub. “Amerikanın səsi” və “Azadlıq radiosu”nun 2020 -ci il iyulun 12-də erməni hərbi birləşmələrinin Tovuz istiqamətində törətdikləri təxribatları və sonra baş verənləri necə təqdim etdiyini araşdıranda bu radioların Azərbaycana qarşı qərəz və “obyektivlik” prinsipinin necə olduğu aydınlaşır. Məlum olur ki, bu üzdəniraq radiolar Azərbaycana qarşı açıq qərəz nümayiş etdirirlər. Ermənistanı müdafiə, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən radiolar “Azərbaycanda insan haqları pozulur”, “azad media yoxdur” və bu kimi digər əsassız iddialar irəli sürürdülər. Sanki bunların çörəyi Azərbaycanı tənqid eləməkdən, vaxtaşırı verdikləri palaz-palaz yazılardan və açıqlamalardan çıxır. Reallıq isə ondan ibarəıtdir ki, Azərbaycanda insan azadlıqları Avropanın əksər ölklərindən üstün nəticələrə malikdir. Ölkə Konstitusiyasının üçdə iki hissəsi insan hüquq və azadlıqlarını ehtiva edir. Bütün qanunverici aktlar, normativ hüquqi sənədlər insanların azadlıqlarının təmin olunmasına hesablanıb.

“Amerikanın səsi”nin və “Azadlıq” radiolarının bağlanması ilə erməni lobbisi sıradan çıxarılmış oldu

Özlərini “obyektiv” media orqanı kimi təqdim etməyə çalışan . “Amerikanın səsi” və “Azadlıq” radioları 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən savaşı dönəmində də öz ənənəvi amplualarını davam etdirdilər. Erməni lobbisinin sifarişlərini icra edən “Amerikanın səsi” və “Azadlıq” radioları haqq savaşımızda bizi haqsız çıxarmağa çalışırdılar. Hər gün dezinformasiyalar və böhtanlar, yalanlar yaymaqla ermənilərin vandal əməllərini, soyqırım aktlarını ört-basdır etməyə cəhd edirdilər. Parlaq hərbi qələbəmizdən sonra da bu təxribat yuvası daha geniş və əhatəli formada ölkəmizə qarşı qarayaxma kampaniyası apardı. Bu vəziyyətin mövcudluğu ona dəlalət edir ki, bu üzdəniraq media orqanları Ağ ev tərəfindən maliyyələşsələr də erməni lobbisinin sifarişləri ilə fəaliyyətlərini qururdular. Sözügedən media orqanlarının Azərbaycan üzrə nümayəndəlikləri ölkəmizi hədəfə alır, özlərindən uydurduqları yalanlar, şər və böhtanlarla dövlətimizin imicini ləkələməyə cəhdlər göstərirdilər. Haqq-ədalət nəhayət, öz yerini tapdı. Hər iki təxribat maşını elə onlara maliyyə yardımları ayıran Ağ ev tərəfindən zərərsizləşdirildi. Bununla həm də, erməni lobbisi sıradan çıxarılmış oldu.

İLHAM ƏLİYEV