“Xarici qüvvələr onlardan alət kimi istifadə edir”
“Ermənistanın pozucu hərəkətləri sistemli xarakter alıb. Biz görürük ki, rəsmi İrəvan qətiyyən sülh barədə düşünmür. Düzdür, Ermənistan sülh haqqında çox danışır, amma kənarda onun ziddinə işləyir”. Bunu SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Ermənistan bir tərəfdən dedi ki, onlar sülhə tam hazırdırlar, digər tərəfdən isə dedilər ki, Azərbaycan sülhü istəmir, halbuki sülhün gündəliyini Azərbaycan tərtib edib: “Prezident İlham Əliyev beş baza prinsip paketini Ermənistana göndərib. Ermənistan demaqogiya və manipulyasiya ilə məşğuldur. Martın 31-də Ermənistanın nümayəndə heyəti İsveçrədə Xarici İşlər Nazirliyinin xətti ilə görüşlər keçirdi. Onlar yenidən Azərbaycanın üzərinə olmayan cəfəngiyatları yıxmışdır ki, guya Azərbaycan sülh prosesini ləngidir. Bu onlardan xəbər verir ki, Ermənistan dövlətinin idarəçiliyində müəyyən son dərəcədə böyük boşluqlar var. Bu boşluqlar isə iş fəaliyyəti ilə doldurulmalıdır. Ermənistan bir tərəfdən ixtiyarı xarici qüvvələrə verir, digər tərəfdən isə dövlətçilik prinsipləri çox qeyri-müəyyəndir, dövlət institutlarının fəaliyyəti qənaətbəxş deyil. Ermənistan dövlətçiliyi haqqında danışmaq əbəsdir. Çünki görürük ki, onlar suverən dövlət kimi təşəkkül tapa bilmirlər, digər tərəfdən liderliyə iddiası olanları çoxdur, amma özünü lider kimi təsdiqləyənlər sıfır səviyyəsindədir.
Ermənistanın ilk üç prezidenti çox bədnam tərzdə özlərini göstərdilər. Ermənistan xalqını aldatdılar, sonra dövlətin var-dövlətini mənimsəyib, aradan çıxdılar. İndi isə Nikol Paşinyan qalıb “çəkiclə zindan” arasında, bilmir nə etsin. Düşünürəm ki, rəsmi İrəvan üçün ən yaxşı çıxış yolu Azərbaycana sığınmaqdır. Onlar Azərbaycandan üzr istəməli, bizə əl uzatmalıdırlar. Biz onlara əl uzatdığımız zaman, onlar bunu zəifliyin təzahürü kimi qələmə verdilər”.
Abbasov vurğulayıb ki, Ermənistan nə qədər gec deyil Fransa, ABŞ, Yunanıstanın ətəyindən yapışmasın, sırf Azərbaycanla münasibətlərini düzəltməyə çalışıb, özünün xoşməramını nümayiş etdirib, digər tərəfdən bildirsin ki, bu proseslərə etimadla yanaşır: “Çünki bir əlində sülhü imzalamaq üçün qələm saxlayıb, ikinci əlində silah-sursat tutacaqsa buna inanmayacayıq. Ermənistan Konstitusiyasında dəyişiklik etməli, müstəqillik aktında Qarabağ haqqında prosesləri çıxarıb, bildirməlidir ki, onun Azərbaycana məxsus ərazi iddiası yoxdur. Belə olduğu halda Azərbaycan Ermənistana inanacaq və Azərbaycan Nikol Paşinyana dövlət və hökumət başçısı kimi dəstək verəcək. Ermənistanın uğur açarı onun öz əlindədir.
Ermənistan mütləq xarici qüvvələrdən uzaqlaşmalıdır, çünki xarici qüvvələr onlardan alət kimi istifadə edir.
Xarici qüvvələrə regionda gərginlik və müharibə lazımdır. Qərbin ən nüfuzlu dairələri çoxsaylı münaqişə ocaqları əsasında hərəkət etməyə çalışır. Belə olduğu halda bir çox millətlərin, dövlətlərin başı özünə qarışır. Ona görə Ermənistan gərək bunu anlasın və Azərbaycana sığınsın. Gürcüstanla birgə üçlü variantda “Qafqaz eli”ni də yarada bilərik. Belə olduğu halda Ermənistan uduş qazanacaq, əks halda Ermənistanın taleyi çox mürəkkəb və qaranlıq olacaq”.