“Azərbaycan ildən-ilə mühüm faktora çevrilir”
“Azərbaycan ildən-ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm faktora çevrilir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O bildirib ki, bu gün Azərbaycan qazı Avropada gözlənilir və enerji sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı da çoxdur: “Bu il Cənub Qaz Dəhlizi Məşvərət iclasında artıq 42 ölkənin nümayəndəsi, 7 beynəlxalq təşkilatın və çoxsayda müxtəlif firmaların nümayəndələri iştirak etdilər. İclasda müzakirə edilən məsələlər təhlükəsiz boru kəmərləri və qaz təchizatının günü-gündən güclənməsidir, eyni zamanda bu məsələdə üzərinə götürülən öhdəliklərin icrası idi. Azərbaycan onsuz da öz üzərinə götürdüyü öhdəliyə sadiq olan və onu səliqəli şəkildə yerinə yetirən ölkə kimi təsdiq edib.
Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığı gündən-günə genişlənir. Hazırda Azərbaycan qazını 12 ölkə alır ki, onların yeddisi Avropa Birliyinin üzvüdür. Azərbaycan üçün əhəmiyyəti enerji ehtiyatlarının dünya bazarında sabit şəkildə alışının mövcudluğudur. Eyni zamanda əldə edilən vəsait ölkədə qeyri-neft sektorunun inkişafına yönəldilir. Bu gün işğaldan azad olunmuş ərazilərin bərpası kifayət qədər vəsaiti tələb edir və bu vəsait Azərbaycan tərəfindən öz gücü hesabına qarşılanır. Eyni zamanda enerji təhlükəsizliyi ilə yanaşı, Azərbaycanın digər məsələlər üzrə də mövqeyi həmişə gözlənilir. Bu, beynəlxalq hüquqa söykənən, hər bir ölkənin suverenliyinə hörmətlə yanaşılan bir mövqedir. Hesab edirəm ki, Azərbaycanın bu sahədə fəaliyyəti dünya tərəfindən yüksək qiymətləndirilir və böyük hörmətlə qarşılanır”.