Sosial

Xətai rayonunda küçə ticarətini kim çiçəkləndirir?


Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra dünya ölkələrinin diqqətini daha çox cəlb etməyə başlayıb. Ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən meqa layihələr, xüsusən də işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri bir sıra dövlətlərin münasibətlərində müsbət mənada dəyişikliklərə səbəb olub. Ölkəmizə gələn turistlərin sayında da kəskin artım müşahidə olunur. Yeni tikililər, parklar, istirahət mərkəzləri, paytaxtımıza gözəllik verən xiyabanlar qonaqların həmişə görmək istədikləri məkanlara çevrilib. Dövlət qurumlarının səyi nəticəsində Bakının gözəlliyinə xələl gətirən amillər aradan qaldırılır, qanunsuz hallara çox az hallarda rast gəlinir.

Küçə ticarəti demək olar ki, az rast gəlinən qanunsuz hallardandır. Şəhərin arxitekturasına xələl gətirən tikililər də yox səviyyəsindədir. Amma…

“Əmma”sı da budur ki, bəzən neqativ hallarla da rastlaşırıq. Paytaxtın ən böyük rayonlarından sayılan Xətai rayonunda rast gəldiyimiz qanunsuz hallar daha dözülməzdir. İnsanların intensiv hərəkət etdiyi küçə və meydanlarda, metro stansiyalarının giriş və çıxışlarına yaxın yerlərdə küçə ticarətinin “çiçəklənməsi” artıq adi hala çevrilib. Aidiyyəti dövlət qurumlarının külli miqdarda vəsaiti hesabına abadlaşdırılmış yaşıllıq ərazilərində yeni ticarət köşklərinin qoyulması, hətta daha iri satış obyektlərinin inşa edilməsi təəssüf doğuran haldır. Yaşıllıqlar məhv edilir, ağaclar kəsilir, əvəzində hansısa işbaz özünə gəlir yeri əldə edir. Nəticədə təbiətə ciddi ziyan vurulur, dövlət vəsaiti hesabına inşa edilən park və xiyabanlar məhv edilir.

Bütün bunları müxbirimizin çəkdiyi fotolardan da görmək olar.

Qeyd edək ki, məqalədə qeyd olunanlara irad bildirmək istəyənlərin fikirlərini də dərc etməyə hazırıq.