Sosial

Müğənnilər niyə toyda fonaqrama oxuyurlar?


Yazıçı-kulturoloq Aydın Xan Əbilovun SİA-ya müsahibəsini təqdim edirik:

– Niyə müğənnilərimiz fonaqramaya maraq göstərir? Onlarda fonaqrama xəstəliyi nədən qaynaqlanır?

– Fikirləşmirəm ki, bu, acınacaqlı haldır. Müasir musiqidə, sənətdə bu, normal haldır. Teatr kinoya çevrildi. Kino özü böyük bir fonaqrama deyil? Niyə, bu hal musiqidə olanda o dəqiqə qısqanclıqla yanaşırıq? Şeirimizin atası Füzuli deyirdi ki, aldanma şair sözünə, əlbəttə ki, yalandır. Yüksələn sənət özündə çox şirin yalanları ehtiva edir. Sənət harmoniyaya xidmət edir. Sənət insanlara enerji verir, həyatın şirinliyini onlara yeridir. Ona görə ki, insanlar harmonik cəmiyyətdə birgəyaşarlığı etsinlər. Yoxsa, hamımız bilirik ki, biz doğuluşdan əvvəl ölü idik, həyatın sonu da ölümdür. Sənət odur ki, həyat yolumuzu, ömrümüzü özümüz üçün şirinləşdirək, Vətənimizi qoruyaq, övladlarımızı tərbiyə edək, onları cəmiyyətə layiqli şəxslər kimi böyüdək. Bu baxımdan musiqidə gedən proses bizim ixtiramız deyil. Bizdən olsa, bizim üçün tar, kamança, ifa edən xanəndə xalq musiqisini ifa edir. Təsəvvür edin, meydanda sənətçi canlı oxusa belə musiqini bərbad ifa edəcək. Sənətçilər bilir, nə demək istəyirəm. Biz bilməliyik ki, elmi, texniki tərəqqi musiqi sənətinə təsir edir. Onda gəlin, klipləri qadağan edək, konsertlər olmasın. Mən sənətlə yanaşı super texnologiyaların müasir incəsənətimizdə olmasının tərəfdarıyam. Fonaqrama səviyyəli səs avadanlığı ilə birlikdə olmalıdır.

– İndi müğənnilər niyə boğazlarına əziyyət vermirlər?

– Kimdir, bu hadisələri törədənlər? Müğənnilər, yoxsa, cəmiyyət? Amerika Birləşmiş Ştatlarında, ya da Türkiyədə supermarketdə pomidor iki gün olur. Bunun yarısı orqanikdir, bahadır, yarısı da gübrə ilə hazırlanıb və ucuzdur. Seçim sizindir, seçim üçün sizə intellekt, təhsil, məlumat, estetik düşüncə lazımdır. Bunlar Azərbaycanda yoxdur. Biz bunu məhv etdik, formalaşdıra bilmirik. Bizdə peşəkar bəstəkarlıq məktəbi unikaldır. Burada müsəlman, xristian və mədəniyyətlər birləşib. Ona görə də, bizim musiqi dilimizə istənilən xalqın musiqilərini asanlıqla tərcümə etmək olur. Biz asanlıqla bütün xalqların mahnılarını oxuya bilirik, bu, hansı xalqda var? İndi Türkiyə və Rusiyanın ən yaxşı müğənniləri azərbaycanlılardır. Biz universal və estetik düşüncə tərzinə malik xalqıq. Amma bu, indi sanki heç kimə lazım deyil. Azərbaycanda Opera və Balet teatrına, Akademik Dram teatrına baxanlara baxın, görün kimlərdir. Hamısı rusdillilərdir. Demək olar ki, azərbaycanlılar yoxdur. Azərbaycanda meydan musiqisinə kütləvi baxış var. Gənclər də elə bilir ki, musiqi budur. Elə bilirlər ki, meyxana, toy mahnıları musiqidir, ancaq oynamaq lazımdır, düşünmək lazımdır. Ən təhlükəli hal da budur. Müğənnilərimizə bu, maraqlı deyil. Onlara sərf edir ki, daha çox kütlə olsun, daha çox toy tutsunlar.

– Bugünkü şou-biznesi necə görürsünüz?

– Müasir dövr tez, asan, unudula bilən, insanlara yük olmayan, dünyagörüşünü dəyişməyən, onları maarifləndirməyən, onları necə varsa, elə də saxlayan mahnılar tələb edir. Biz artıq bunun sintezini tapmalıyıq. Qədim mahnıları sintez edən kimi o dəqiqə tanındı, dinlənildi. Ədəbiyyatla müqayisə aparsaq, qəzəl də var, meyxana da var. İkisi də əruz vəznindədir. Niyə meyxana kütləyə çatdı, qəzəl çatmadı? Onun çatması üçün Sovet metodu lazım idi. Məktəb qarşısında idman etdiyimiz yerdə musiqiləri orada çatdırırdılar. Bir hadisə üç dəfə olandan sonra artıq beynə oturur.

– Bəzən xanım müğənnilərimiz daha tez məşhurlaşırlar. Bununla razısınız?

– Bu, sənətdə daha tez görünür. Biz niyə deyirik ki, komanda oyunu bizdə yoxdur? Azərbaycan, türk düşüncəsində aşıq sənəti önəmli olub. Bizim əsl milli musiqimiz aşıq sənətidir. Qərbi Azərbaycan, Qazax, Tovuz ərazisində bir aşıq ifa edirdi. Həmin şey bizim genetik kodumuzda var. Düzdür, burada iqtisadi tərəf də var. Amma müğənnilər indi deyirlər ki, ancaq “mən”. Sənət estetik gözəllik tələb edir. Əgər pul verirəmsə, anamı oxutdurub ona qulaq asaram. Bizim görkəmli sənətkarlarımız var, amma onların da dövranı keçib. Hər dövrün öz gənci və igidi olduğu kimi sənətdə də belədir. Yeniliklər və yeni nəfəs gəlməlidir. Ümumiyyətlə, sənət daha çox gənclər və cavanlarla bağlıdır. Mən pul verirəm ki, orada gözəl bir qadın görüm. Yaxud da, sənəti ilə məni təəccübləndirəcək birini görmək istəyirəm. Biz gözəlliyə baxmaq istəmirik? Hüseyn Cavid demir ki, mənim Tanrım gözəllikdir? Yəni anlamalıyıq ki, insanlarda bu tələbat da var. Amma Avropada buna önəm verilmir. Orada striptiz klublar da var, əyləncə mərkəzləri də var. Orada hər tələbata görə uyğun məkan var. Bizdə bu yoxdur.

– Müğənnilərə fonaqrama oxumaq qadağan edilsin?

– Toyda, konsertdə iştirak edən xalq, müğənni, toy sahibi xoşbəxtdir. Biz niyə onların xoşbəxtliyinə mane olmalıyıq. Axı o müğənni səs sahibi deyil ki, canlı oxusun. Canlı oxusa, dava düşəcək, toy yasa çevriləcək. Səs sahibi, görüntü onlarındır. İstəsələr, canlı oxuyarlar, istəsələr fonaqrama ilə. Sözsüz ki, ansamblla gələn, öz səsi ilə oxuyan insan peşəkar kimi hörmətə layiqdir. Bu iş çoxlu maliyyə, texnika tələb edən işdir. Bizim restoranların hamısında normal akustik imkanlar var ki, səs normal çata bilsin? Biz buna görə məcburuq ki, səsdən çox mahnıya fikir verək. Bizim şou-biznesin və kreativ sənayenin böyük bir hissəsi toydur. Fonaqramanı ləğv etsək, toy biznesi, bir milyondan çox iş yeri ləğv olacaq. Sənətçilər ac qalacaq. Yalançı sənətkarlar da üsyan edəcəklər. Yaxşı olar ki, toy sahibi müğənni ilə əvvəldən yazılı müqavilə bağlasın. Bir sənətçi 30 günün hər gününü oxuya bilməz. Bu artıq sənət deyil. Obyektiv və subyektiv səbəbləri nəzərə almaq lazımdır.