İqtisadiyyat

Azərbaycanda “Mühəndis Soltan Kazımov” gəmisi suya salınıb


Bakı Gəmiqayırma Zavodunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Bakı Limanı) sifarişi ilə inşa olunan “Mühəndis Soltan Kazımov” adına dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəmi üzən tərsanə vasitəsilə suya salınıb. SİA bu barədə Bakı Gəmiqayırma Zavoduna istinadən xəbər verir.

Məlumata əsasən, bu gəminin layihələndirilməsi “Damen Shipyards Gorinchem B.V.” (“damenshipyards”) şirkətinin təcrübəli mütəxəssisləri tərəfindən tərtib edilib. Gəminin inşası 100 % başa çatıb. Qalan sınaq işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək.

Azərbaycanda ilk dəfə Bakı Gəmiqayırma Zavodunda inşa edilən dibdərinləşdirən gəminin ümumi uzunluğu 61.20 metr, gövdənin uzunluğu 49.30 metr, ümumi eni 10.50 metr, suya oturumu 1.65 metr və qazma dərinliyi 18 metr təşkil edir.

Qeyd edək ki, dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəminin inşasının tam yekunlaşıb təhvil verilməsi bu ilin may ayına nəzərdə tutulub.