Siyasət

“Azərbaycan–Türkiyə münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir”


“Antalya Diplomatik Forumu ilk növbədə Azərbaycan–Türkiyə münasibətlərini dəyişən geosiyasi reallıqlara uyğun şəkildə yeniləmək, təzələmək və yenidən şəkilləndirmək baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan və Türkiyə rəhbərliyi bu forum çərçivəsində müxtəlif səviyyələrdə görüşlər keçirib, münasibətlərin ən aktual məsələlərinə yenidən nəzər yetiriblər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının aparıcı və təşkilatçı qüvvələrindəndir. Aydındır ki, Antalya Forumunda iştirak edən ölkələrin mütləq əksəriyyəti türk dövlətləri tendensiyasına, eləcə də Azərbaycanın və Türkiyənin həyata keçirdiyi siyasətə müəyyən dərəcədə rəğbət bəsləyən ölkələrdir: “Bu baxımdan, Azərbaycanın və ümumilikdə türk dünyasının siyasi xətti ilə həmrəylik nümayiş etdirmək istəyən qüvvələrin və dövlətlərin eyni platformada bir araya gəlməsi həm dolayı, həm də birbaşa mənada Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Bundan başqa, bu gün Azərbaycanın regionda, Yaxın Şərqdə, Mərkəzi Asiyada, Avropada və qlobal miqyasda gedən proseslərə dair öz baxışları və maraqları mövcuddur. Bu forumda aparılan müzakirələr və Azərbaycanın müxtəlif səviyyələrdə səsləndirdiyi fikirlər, bir tərəfdən, Azərbaycanın mövqeyini beynəlxalq aləmdə ifadə etmək baxımından, digər tərəfdən isə forum çərçivəsində aldığı mesajlar əsasında gələcək xarici siyasətinin formalaşdırılması nöqteyi-nəzərindən olduqca vacibdir. Eyni zamanda, bu forumda Azərbaycan üçün mühüm önəm daşıyan məsələlər – Suriya, Yaxın Şərqdəki vəziyyət və Türkiyə–İsrail münasibətləri ilə bağlı fikir mübadiləsi aparmaq imkanı da yaranıb. Bu, həm də Azərbaycan nümayəndələrinin müxtəlif səviyyəli görüşlərdə iştirakı vasitəsilə ölkənin öz maraqlarını qoruması və gündəmə gətirməsi baxımından təqdirəlayiqdir.

Azərbaycanın apardığı siyasətə digər ölkələrin reaksiyalarının, həm görünən tərəfini, həm də pərdəarxası məqamlarını izləmək üçün belə forumlar mühüm platforma rolunu oynayır. Təbii ki, bu forumda müzakirə olunan məsələlərin dərhal effekt verəcəyini gözləmək doğru olmaz. Lakin xüsusilə Azərbaycan rəhbərliyinin və təmsilçilərinin ortaya qoyduğu mövqelərin dünya siyasətinə müəyyən dərəcədə təsir göstərməsi şübhə doğurmur. Ən əsası isə bu forum Azərbaycanın Türk dünyası üzrə tərəfdaşları, xüsusilə də Türkiyə ilə münasibətlərini daha da gücləndirmək baxımından olduqca əhəmiyyətli oldu. Azərbaycanın bu foruma yüksək səviyyədə qatılması bir daha dünyaya mesaj verir ki, Azərbaycan–Türkiyə münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir”.