Nağdsız ödənişlərin geniş yayılması insanlara nə qazandırır?
“Beynəlxalq təcrübədə nağdsız ödənişlər ümumi valyuta dövriyyəsinin təxminən 98%-ni təşkil edir. Ölkəmizdə isə bu göstərici hələlik 25%-dən yuxarıdır və bu sahədə mühüm işlər görülməkdədir. Nağdsız ödənişlərin artması bir sıra müsbət təsirlər yaradır: ilk növbədə, bu, vergi yığımının effektivliyini artırır və vergidən yayınma hallarının qarşısının alınmasına xidmət edir. Eyni zamanda, nağdsız ödənişlər müqavilələrin icrasını daha təhlükəsiz və şəffaf edir. Köçürmələr zamanı vəsaitlər rəsmi şəkildə sənədləşdirilir və bu, tərəflər arasında mümkün fırıldaq hallarını minimuma endirir. Bununla yanaşı, beynəlxalq terrorçuluq və digər cinayət yolları ilə əldə olunan vəsaitlərin dövriyyəsinin qarşısı alınır”. Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, ölkəmizdə bu istiqamətdə atılan mühüm addımlardan biri də “ƏDV geri al” mexanizmidir: “Bu təşəbbüs nağdsız ödənişlərin artımına ciddi şəkildə təkan verir və dövriyyədə şəffaflığı təmin edir. Bu həm də bank sektorunun inkişafına mühüm töhfə verir. Əhali və sahibkarlar bu sistemdən rahatlıqla istifadə edir və gündəlik maliyyə əməliyyatlarını asanlıqla yerinə yetirirlər.
Nağdsız ödənişlərin geniş yayılması insanlara vaxt və əməliyyat rahatlığı qazandırır. Artıq bank əməliyyatları üçün fiziki olaraq bir yerə getmək lazım deyil – mobil tətbiqlər və onlayn bankçılıq vasitəsilə istənilən yerdən əməliyyat aparmaq mümkündür”.
Ekspert həmçinin qeyd edib ki, bununla belə, artan rəqəmsal dövriyyə kibertəhlükəsizlik məsələsini də aktuallaşdırır: “Bu risklər daim mövcuddur və nağdsız ödənişlərin artımı ilə təhlükəsizliyin təmin olunması da bankların və müvafiq qurumların əsas vəzifələrindən birinə çevrilir. Gələcəkdə bu sahədə texnoloji imkanların və müdafiə mexanizmlərinin daha da təkmilləşdiriləcəyi gözlənilir.
Digər tərəfdən, nağdsız dövriyyənin tam tətbiqi üçün bəzi infrastruktur problemləri qalmaqdadır. Xüsusilə ucqar bölgələrdə post-terminalların azlığı, eləcə də internet və enerji təminatının qeyri-sabit olması müəyyən çətinliklər yaradır. Bu səbəbdən, bəzi hallarda vətəndaşlar və sahibkarlar yalnız nağd vəsaitdən istifadə edə bilirlər. Bu problemlərin aradan qaldırılması isə nağdsız iqtisadiyyatın tam şəkildə tətbiqinə imkan verəcək. Nağdsız dövriyyənin artması şəffaflığa və sahibkarlığa böyük əhəmiyyətdə təsiri vardır. Lakin burada bankların tətbiq etdiyi faizlər həddən artıq çoxdur. Bu il faizlərdən banklar 360 milyon manat pul qazanıb. Həmçinin həm nağdlaşmağa, həm də digər ödənişlər etməyə banklar 1,5-2% aralığında xidmət haqqı tuturlar. Bu baxımdan məqsədəuyğun olardı ki, faizlər azaldılsın. Çünki biz əgər nağdsız dövriyyənin artmağını istəyiriksə, sahibkarlarda nəzərə almalıyıq. Əsasəndə kiçik və orta sahibkarlar bu cür dövriyyədən xeyli vəsait itirir”.