“Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır”
“Azərbaycan – Çin əlaqələri dərin tarixə malikdir. Hələ 2500 il əvvəl tarixi “İpək yolu” vasitəsilə xalqlarımız arasında formalaşan mədəni və ticari əlaqələr sonrakı dövrdə də mütəmadi olaraq müxtəlif sahələrdə inkişaf edib və möhkəmlənib. Bu gün iki ölkə arasındakı münasibətlər qarşılıqlı faydalılıq və etimad prinsiplərinə əsaslanır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, hər iki ölkə bir-biri üçün olduqca önəmli tərəfdaşdır: “Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir, belə ki, ÇXR Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb. Çox keçmədən isə, yəni, 2 aprel 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. Keçən dövr ərzində Bakı – Pekin münasibətləri tarixi ənənə və müasir geosiyasi reallıqlar fonunda dinamik şəkildə inkişaf edib. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır. Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, Azərbaycan isə öz növbəsində Tayvanla bağlı məsələlərdə Çinin prinsipial mövqeyini müdafiə edərək “Vahid Çin” prinsipinə dəstəyini ifadə edib. İki ölkə arasında münasibətlərin inkişafında ən önəmli məqam 2022-ci ilin sentyabrında Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün imzalanmış Birgə Bəyannamədir. Azərbaycan Prezidenti və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilən görüşdə ikitərəfli münasibətlərin geniş spektri ilə bağlı əsas istiqamətlər müəyyən edilib. Həmin görüşdə ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçidi təmin olundu və bu münasibətlərin qarşılıqlı hörmət, bərabərlik, qarşılıqlı dəstək prinsiplərinə əsaslandığı bir daha qeyd olunmuş oldu. Bundan sonra Azərbaycan – Çin münasibətləri daha da inkişaf etməyə başladı. Təsadüfi deyil ki, bu gün Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. Təkcə keçən il ərzində iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7% artaraq 3.7 milyard ABŞ dolları təşkil edib.
Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir.
Ölkəmizin “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəm də Azərbaycan ilə Çin arasındakı münasibətlərdə xüsusi yer tutur. Hər kəs qəbul edir ki, Azərbaycanın təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Bu gün Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar təqdim edir”.
Onun sözlərinə görə, bu ilin yanvarında Çinin CGTM telekanalına müsahibəsində, eləcə də bu günlərdə ADA universitetinin təşkilatçılığı ilə keçirilən “Yeni dünya nizamına doğru” beynəlxalq forumdakı çıxışında da ölkə başçısı Çinlə müxtəlif sahələrdə, xüsusən də yaşıl enerji sahəsində strateji tərəfdaşlığın perspektivlərinə toxunaraq Çin şirkətləri ilə birabaşa yaşıl enerji sahəsində Azərbaycan yatırımların qoyulması üçün aktiv danışıqların aparıldığını bildirdi: “Düşünürəm ki, Prezidentin Çinə planlaşdırılan səfərində həm bu, həm də digər sahələrlə bağlı iki ölkə arasında yeni layihələr haqqında raılşamalara şahidlik edəcəyik. Yeri gəlmişkən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao da bu günlərdə verdiyi açıqlamasında Azərbaycan və Çin arasında münasibətlərin dərinləşməsi üçün böyük potensial olduğunu və Prezidentin Çinə səfəri çərçivəsində daha konkret layihələrlə bağlı qərarların qəbul ediləcəyini bildirib”.