Zəngəzur dəhlizi regionda yeni əlaqələrinin qurulmasına mühüm töhfə verəcək
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini, ədaləti təsdiqləməklə yanaşı, regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına zəmin yaratdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına əsasən, Zəngəzur dəhlizinin açılması təmin olunmalıdır. Lakin həmin vaxtdan ötən dövr ərzində Ermənistanın hər vəchlə buna mane olmağa çalışdığı göz önündədir. Bu dəhlizin açılması yalnız Azərbaycanın deyil, eyni zamanda, regionun digər dövlətlərinin də maraqlarına cavab verir. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Zəngəzur dəhlizinin bərpası ilə Avropa ilə Asiya qitələri arasında ticarət dövriyyəsinin həcmi daha böyük rəqəmlərlə ifadə ediləcək. Bu dəhliz yüklərin qısa müddətdə mənzil başına çatdırılması, nəqliyyat xərclərinin azalması baxımından ölkələrə, şirkətlərə əlavə qazanc gətirəcək.
Zəngəzur dəhlizi Azərbaycanı region dövlətləri ilə yanaşı, Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirəcək. Çindən, Mərkəzi Asiya respublikalarından, eləcə də Cənub- Şərqi Asiyanın başqa ölkələrindən Avropaya daşınan yüklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Şərqi Avropa ölkələrinə çatdırılacaq.
Təsadüfi deyil ki, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti daha da artıb. Bu ilin yanvarında keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə də dövlət başçısı İlham Əliyev Azərbaycanın nəqliyyat sektorunda qazandığı uğurlara, perspektivlərə diqqəti yönəldərək bildirdi ki, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, bizim ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir və ona görə keçir ki, biz bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Biz isə ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq göstərmişik, səylər göstərmişik və praktiki işlər görmüşük. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilib.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, yeni layihələr arasında Zəngəzur dəhlizi xüsusi qeyd edilir. Bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadə, termindir. Dövlətimiz bu dəhlizin açılması üçün praktiki addımları atır. Ermənistan tərəfi dörd ildən çoxdur ki, 10 noyabr üçtərəfli Bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Həmin Bəyanatda açıq-aydın göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir. Eyni zamanda, Ermənistan və onun havadarları Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac verirlər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi – Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur.
Vüqar Rəhimzadə vurğulayıb ki, nəqliyyat infrastrukturunun beynəlxalq əhəmiyyətini nəzərə alaraq onun keçəcəyi ərazidə inşaat işlərini sürətləndirən Azərbaycanın dəmir və avtomobil yollarında tikinti işlərinin xeyli hissəsi icra olunub. Zəngəzur dəhlizinin bərpasının əsas məqsədlərindən biri də respublikamızın digər rayonları ilə muxtar respublika arasında dəmir və avtomobil yollarının bərpası nəticəsində Türkiyə də daxil olmaqla türk dünyasının coğrafi bağlantısı, tarixi ədalət bərpa olunacaq. 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanatda, qardaş Türkiyə ilə Azərbaycanın qardaşlığının, dostluğunun, müttəfiqliyinin rəsmiləşdirildiyi tarixi Şuşa Bəyannaməsində bölgədə əməkdaşlığın, sülhün təminatının başlıca amili kimi analoqu olmayan platforma adlandırılan Zəngəzur dəhlizinin açılması məsələsi öz əksini tapıb.
Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Nəqliyyat sektorunun bütün sahələrində xidmət infrastrukturları modernləşdirilir, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilir, çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur. Tarixi İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının dəstəkçisi və iştirakçısı olan Azərbaycan həm də digər dəhlizlərlə müqayisədə Zəngəzur dəhlizi vasitəsilə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında mənzil başına çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır. İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək.
Vüqar Rəhimzadə onu da qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəsə də dünyada söz sahibi olan ölkələr buna imkan verməyəcəklər. Çin, Rusiya və Türkiyə kimi beynəlxalq arenada söz sahibi olan ölkələr bu dəhlizin açılmasında israrlıdırlar. Türk dünyasına açılan qapı kimi dəyərləndirilən Zəngəzur dəhlizinin açılması tarixi ədalətin bərpası olacaq. Qərbi Zəngəzurun 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Azərbaycandan qoparılaraq Ermənistana verilməsi ilə xalqımıza qarşı cinayət törədilib. Azərbaycan xalqı Zəngəzuru unutmamış və unutmur. Türkiyə bu məsələdə Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dəstəkləyir.
Millət vəkili bildirib ki, bu dəhliz nəqliyyat əlaqələrini gücləndirəcək, yeni iqtisadi imkanlar yaradacaq və regionun inkişafına mühüm töhfə verəcək. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi hazırda 93 faiz səviyyəsində tamamlanıb. Bu dəhliz strateji əhəmiyyətə malik və regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına töhfə verən bir layihədir. Zəngəzur dəhlizi yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir. Bu yol yalnız nəqliyyat sistemini gücləndirmək deyil, həm də regionda iqtisadiyyatın inkişafını sürətləndirmək və strateji əlaqələri gücləndirmək üçün mühüm bir vasitə olacaq. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır.