Siyasət

“Faktlar forumun mühüm beynəlxalq platforma olduğunun bariz sübutudur”


“Məlumdur ki, Antalya Diplomatiya Forumu ilk dəfə 2021-ci ildə Türkiyənin təşəbbüsü ilə yaradılıb və hər il keçirilir. Forum, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunur və diplomatiya, beynəlxalq əlaqələr və qlobal çağırışlar üzrə fikir mübadiləsi aparmaq üçün yüksək səviyyəli beynəlxalq platforma hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu forumun əsas məqsədi qlobal diplomatik dialoqa töhfə vermək, çoxtərəfli əməkdaşlıq formatını təşviq etmək, yeni qlobal problemlərə diplomatik cavablar tapmaq və Türkiyənin diplomatik təşəbbüslərini qlobal platformada tanıtmaqdan ibarətdir: “Bu dəfə keçirilən sayca dördüncü forumda dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı, 50-dən çox xarici işlər nazirləri olmaqla 70-dən artıq nazir və 60 yüksək səviyyəli beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Bu faktlar Antalya Diplomatiya Forumunun mühüm beynəlxalq platforma olduğunun bariz sübutudur.

Bu dəfəki forumda geosiyasi bloklaşma və yeni güc mərkəzləri, qlobal ədalət və beynəlxalq hüququn bərpası, iqlim böhranı və humanitar fəlakətlər, süni intellektin diplomatiyaya və qərarverməyə təsiri, Qəzza, Ukrayna, Sudan kimi münaqişə ocaqları, diplomatiyada qadınların və gənclərin rolu mövzularında 50 sessiya keçirildi.

Təbii ki, belə bir yüksəksəviyyəli forumda Azərbaycan Prezidentinin də iştirakı və çıxışı ölkəmiz haqqında həqiqətlərin çatdırılması və dünyada baş verən prosseslərə dair mövqeyimizin bəyan edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkə başçısı çıxışında postmünaqişə dövründə Cənubi Qafqazda sülh təşəbbüsləri, Zəngəzur dəhlizinin regional inteqrasiyaya təsiri, Türk dünyasının vahid diplomatik strateqiyasına ehtiyac, multikulturalizm və Bakı prosesinə toxunaraq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını, ölkəmizin Ermənistanla sülh müqaviləsinə hazır olduğunu bəyan etdi. Prezident sülh sazişinin beynəlxalq hüququn prinsiplərinə əsaslanmasının vacibliyinə toxundu.

Prezident Əliyev çıxışında həmçinin Zəngəzur dəhlizinin yalnız Azərbaycan-Ermənistan əlaqələri üçün deyil, həm də Türk dünyasının inteqrasiyası üçün vacib əhəmiyyət daşıdığını bildirdi. Prezident Türk Dövlətləri Təşkilatının diplomatik koordinasiyasının gücləndirilməsi ilə bağlı da çağırış edərək ortaq mövqelərlə çıxış edən, qlobal təhlükələr və regional çağırışlara birlikdə cavab verən diplomatik sistemin zəruriliyini vurğuladı.

Son olaraq qeyd edim ki, keçirilən forum qlobal diplomatik nizamda ölkəmizin rolunu bir daha ortaya qoymağa və eləcə də Azərbaycanın etibarlı tərəfdaş və qlobal proseslərə təsir göstərən dövlət kimi tanınmasına imkan yaratdı”.