Çexiya ilk dəfə olaraq Rusiya neftindən tam müstəqil olub
Çexiya tarixində ilk dəfə olaraq Rusiya neft tədarükündən tamamilə müstəqil oldu.
SİA-nın məlumatına görə, ČTK xəbər verir ki, bu barədə cümə axşamı Çexiyanın Baş naziri Petr Fiala bildirib.
Bu, İtaliyanın Triest limanından neft daşıyan TAL neft kəmərinin modernləşdirilməsi başa çatdıqdan sonra baş verib. Neft kəmərinin ötürmə qabiliyyətinin genişləndirilməsi layihəsi Çexiya hökumətinin təşəbbüsü ilə 2022-ci ilin payızında, Rusiyanın Ukraynaya təcavüzündən sonra həyata keçirilməyə başlanıb.
Xərclər təxminən 70 milyon avro təşkil edib.
İndi Çexiya Rusiyaya qoşulmayan boru kəmərlərindən ildə 8 milyon tona qədər xam neft vura bilər ki, bu da Çexiya neft emalı zavodlarının istehlakını tam ödəyəcək.
…Biz enerji müstəqilliyimizə doğru daha bir addım atdıq, – deyə ölkənin baş naziri bildirib.
Rusiyadan “Drujba” kəməri ilə 1962-ci ildən Çexoslovakiyaya, oradan isə müstəqil Çexiyaya neft nəql edilirdi. Ötən il bu kəmərlə Çexiyaya 2,7 milyon ton neft çatdırılıb ki, bu da ölkəyə tədarük olunan neftin ümumi həcminin təxminən 42 faizini təşkil edirdi. Lakin artıq bir neçə həftədir ki, bu kəmərlə Çexiyaya neft getmir. Çexiya rəsmiləri daha əvvəl bəyan etmişdilər ki, ilin ortalarına qədər Rusiya neftindən imtina etməyə tam hazır olacaqlar.
Əli Babayev