“İtirilən hər gün Ermənistan üçün böyük itkilərdir”
“Ermənistanın Azərbaycanla gələcək münasibətləri və sülh müqaviləsi ilə bağlı mövqeyi çox ziddiyyətlidir. Cənab Prezidentimiz ADA Universitetində forumda çıxışında bildirdi ki, həm müxalifətin, həm də iqtidarın mövqeyi təqribən eynidir. Onlar bir tərəfdən Qarabağ məsələsinin bitdiyini, Azərbaycanın güc olaraq öz hüquqlarını müdafiə etməyi bacardığını görürlər, digər tərəfdən isə bacardıqları qədər, indi olmasa da, sonrakı dövrlər üçün Azərbaycana qarşı iddialarını rəsmiləşdirmək istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, əlbəttə ki, eyni zamanda iki stolda oturmaq olmaz: “Amma Ermənistan bunu etməyə çalışır. Bir tərəfdən Ermənistan rəsmiləri sülh müqaviləsinin imzalanması üçün Azərbaycanı tələsdirirlər, digər tərəfdən isə mövqelərimizə qarşı hərbi təxribat edirlər. Bir tərəfdən konstitusiyanı dəyişəcəklərini bildirirlər, amma digər tərəfdən isə dəyişmədən sülh müqaviləsini imzalamaq istəyirlər. Hansı ki, bu yolverilməzdir. Hələki mövcud olan konstitusiyada Azərbaycana ərazi iddiaları var”.
Millət vəkili qeyd edir ki, kim zəmanət verə bilər ki, Ermənistan sülh müqaviləsi imzalayandan sonra konstitusiyanı dəyişməkdən imtina etməyəcək? Onlar sülh müqaviləsi imzalanmadan kommunikasiyanın açılmasını təklif edirlər: “Çünki özlərini izolyasiyaya salıblar. Azərbaycanın imkanlarını görürlər, bu imkanlarda öz yerini tutmağa çalışırlar. Lakin onlar üçün bir mənalı addım olmalıdır ki, konstitusiyalarını və eyni zamanda ona bağlı olan qanunları dəyişməsələr, ATƏT-in keçmiş Dağlıq Qarabağ problemi üzrə Minsk Qrupu buraxılmasa, sülh müqaviləsi imzalanmayacaq və itirilən hər gün Ermənistan üçün böyük itkilərdir. Bu, dövlətçiliyinin zəifləməsidir. Bu, iqtisadi imkanlarının zəifləməsidir. Bu, dünya arenasına çıxmağın seçilməsidir. Ən əsası isə Azərbaycan və Türkiyə kimi qüdrətli dövlətlərin yanında olmaq imkanına malik olmasıdır”.