Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manatlıq investisiya qoyulub
Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti tərəfindən 30 milyon manatlıq investisiya qoyulub. SİA xəbər verir ki, bunu Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində çıxışı zamanı deyib.
E.Yusubov bildirib ki, hazırda yerli və xarici investorlar üçün münbit şərait yaradılır:
“Bu ərazilərdə 3 mindən artıq şəxs il sonuna kimi işlə təmin olunacaq”.
Xüsusi nümayəndə əlavə edib ki, eyni zamanda Xankəndi hava limanının inşası davam edir:
“Həmçinin burada yeni müasir avtomobil, dəmiryolu çəkilir, hava limanı inşa edilir, müasir SES istismara verilir, yaşıl enerji prinsipi əsas götürülərək alternativ enerjidən istifadə genişləndirilir, işğal dövründə qırılmış meşəların bərpası istiqamətində işlər aparılır”.
O qeyd edib ki, Xankəndinin yeni baş planı da hazırlanır:
“Bu ərazilərdə müasir infrastruktur işləri həyata keçiriləcək. Minatəmizləmə işləri də sürətlə sistemli şəkildə davam etdirilir. İşğal dövründə dağıdılmış kəndlərimiz bərpa olunur. Xankəndi, Ağdərə və Xocalıda 7 yaşayış məntəqəsində 12 min insanın məskunlaşması təmin edilib”.