Sosial

Dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Aprelin 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.