Dünya

Ermənistanı dəstəkləməklə Makron uğursuzluğa sərmayə qoyur


Ermənistanı dəstəkləməklə və silahlandırmaqla, Fransa və onun lideri Emmanuel Makron Parisi uğursuzluğun yeni mərhələsinə sürükləyir. Paris özünü Zəngəzur dəhlizi də daxil olmaqla, bir çox nəhəng layihələrdə iştirakdan məhrum edir. SİA xəbər verir ki, bu fikri Türkiyənin “Gdh” internet telekanalının efirində Fransa Strateji Analiz və Geosiyasi Araşdırmalar Mərkəzinin rəhbəri Naim Asas söyləyib.

Onun sözlərinə görə, Ermənistanla yaxınlaşmaqla, Fransa nə mənəvi, nə də humanitar məqsədlər güdür. “Parisdəki siyasətçilər sadəcə erməni diasporunun təsiri altındadırlar”, – deyə o, bildirib və Ermənistanı “frankofoniyanın son qalası, xristianlıq irsinin və demokratik idealların dayağı” kimi iddiaları “uydurma məhsul” adlandırıb.

N.Asas qeyd edib ki, Fransa Afrikanın Sahil regionunda mövqelərini itirdikdən, Sakit okean regionundakı uğursuzluqlarından və Şərqi Aralıq dənizində iflasa uğradıqdan sonra “qlobal güc” statusunu qoruyub saxlamağa cəhd edir və bunun üçün “Ermənistan vasitəsilə Qafqaz regionuna “investisiya” edir. “Lakin aydındır ki, Paris uğursuzluğa düçar olacaq. Fransanın da həmsədri olduğu ATƏT-in Minsk qrupunun sülh səylərinin fiaskosu buna bariz nümunədir”, – deyə fransız mərkəzinin rəhbəri bildirib.