Uşaqlar niyə ərköyün olurlar?
“Ərköyün uşaqların formalaşmasında bir çox amil rol oynayır və bu halın yaranmasında valideynlərin yanaşma tərzi əsas faktorlardan biridir. Əgər uşaq daim istədiyini ağlayaraq əldə edirsə, sərhədsiz bir mühitdə böyüyürsə və valideynlər “yox” deməkdə çətinlik çəkirlərsə, uşaq zamanla hər şeyin öz istədiyi kimi olması lazım olduğunu düşünməyə başlayır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.
Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Ərköyünlük bəzən valideynlərin övladlarına duyduqları günahkarlıq hissindən doğan həddindən artıq güzəştlərlə də güclənə bilər. Məsələn, işləyən valideynlər uşağa vaxt ayıra bilmədikləri üçün onu oyuncaqlarla, cizgi filmləri ilə və ya daim “bəli” cavabları ilə əvəzləməyə çalışırlar. Bu isə uşağın emosional tənzimləmə bacarıqlarının formalaşmasının qarşısını alır.
Bundan əlavə, uşaq ailədə sərhəd görmürsə, nəyi nə zaman, necə etməli olduğunu anlamırsa, bu da ərköyün davranışlara zəmin yaradır. Uşaqlar qaydalara və sərhədlərə ehtiyac duyurlar. Onları sevgi ilə, amma sərhəd içində böyütmək, məsuliyyət hissi aşılamaq uzunmüddətli sosial və emosional inkişaf üçün vacibdir.
Ərköyünlük problemi ilə üzləşən ailələr bu vəziyyətin zamanla daha ciddi davranış problemlərinə çevrilə biləcəyini unutmamalıdırlar. Ona görə də, uşaqlarla sağlam sərhədlər qurmaq və ardıcıl valideyn davranışı göstərmək çox önəmlidir”.
Ayşən Vəli