Hüquqi şəxsin müflis elan edilməsi barədə məlumatlar satınalmaları portalına inteqrasiya edilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyinin təqdim etdiyi bir sıra arayışlar “etender.gov.az” dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata əsasən, “Elektron məhkəmə” informasiya sistemi ilə inteqrasiya nəticəsində “Məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi” və “Təchizatçı qismində çıxış edən fiziki şəxsin, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi” haqqında arayışları bundan sonra onlayn rejimdə portal vasitəsilə əldə etmək mümkün olacaq.