Sosial

“Mühüm olan miqdarı, keyfiyyəti və istifadənin düzgün şəklidir”


“İllərdir ki, yağlar haqqında yanlış fikirlər insanları qorxudub və əslində faydalı olan bir çox təbii məhsullar gündəlik rasiondan çıxarılıb”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib.

Onun sözlərinə görə, kərə yağı da bu qurbanlardan biridir: “Halbuki nənələrimizin süfrəsində böyüyən bir nəsil üçün kərə yağı, həm dad, həm də şəfa mənbəyi idi.

1. Təbii və yerli kərə yağı — tərkibində A, D, E və K vitaminləri olan və bədənin bu vitaminləri mənimsəməsi üçün vacib olan doymuş yağlarla zəngindir.

2. Uşaqların beyin inkişafı, qadınların hormon balansı və ümumi enerji səviyyəsi üçün faydalıdır.

3. Bağırsaq florasını dəstəkləyən butirik turşusu (butyric acid) məhz təbii kərə yağında olur. Bu turşu immuniteti gücləndirir və iltihabları azaldır.

4. Əsl kərə yağı bədəni doydurur, uzun müddət toxluq hissi verir və şəkər istəyini azaldır.

Mən bir dietoloq olaraq marqarin, trans yağlar və sənaye üsulu ilə hazırlanmış qarışıqlardan uzaq durmağı məsləhət görürəm. Əvəzində isə yerli və keyfiyyətli kərə yağı sağlam yağ olaraq rasionunuzda ola bilər.

Lakin kərə yağından da həddindən artıq istifadə ürək-damar sistemi üçün risk yarada bilər – xüsusilə də yüksək xolesterin problemi və ya ailəsində infarkt riski olan şəxslər üçün.

Bitki yağlarına gəldikdə isə, burada seçim çox önəmlidir:

1. Zeytun yağı – ən sağlam bitki yağı hesab olunur. Xüsusilə soyuq sıxım (extra virgin) formasında istifadə edildikdə iltihab əleyhinə təsir göstərir, ürək sağlamlığı üçün faydalıdır. Salatlarda və aşağı temperaturda bişən yeməklərdə idealdır.

2. Kətan toxumu yağı – Omeqa-3 ilə zəngindir, lakin qızdırıldıqda faydasını itirir. Ona görə yalnız salatlarda və çiy istifadə edilməlidir.

3. Avokado yağı – həm yüksək temperatura dözümlüdür, həm də ürək üçün faydalıdır. Qızartmalarda alternativ olaraq istifadə edilə bilər.

4. Margarin və trans yağlar – sənaye üsulu ilə hazırlanır və heç bir halda sağlam seçim deyil. Ürək xəstəlikləri, piylənmə və xərçəng riskini artırır.

Nəticə olaraq:

Əgər bir insanın xroniki xəstəliyi yoxdursa və gündəlik yağ ehtiyacını normada saxlayırsa, kərə yağı da, zeytun yağı da sağlam qidalanmanın bir hissəsi ola bilər. Mühüm olan miqdarı, keyfiyyəti və istifadənin düzgün şəklidir”.