Britaniya parlamentində Trampın çıxışına etiraz səsləri güclənir
Böyük Britaniyada bir qrup deputat və lord ABŞ Prezidenti Donald Trampın Britaniyaya baş tutacaq dövlət səfəri zamanı Parlamentdə çıxış etməsinin qarşısını almağa çalışır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, onlar Trampın demokratiyaya yanaşmasına dair narahatlıqlarını əsas gətirərək onun çıxışının bloklanmasını tələb ediblər.
Lord Foulkes və Leyboristlər Partiyasından deputat Keyt Osbourn müvafiq olaraq Lordlar Palatasının və İcmalar Palatasının spikerlərinə məktub yazaraq Trampın Parlamentdə çıxış etməsinə icazə verilməməsini istəyiblər. Bu addım Trampın ilk prezidentliyi dövründə də atılmışdı. Etiraz edənlər Trampın daha əvvəl Birləşmiş Krallıq, parlament demokratiyası, NATO və Ukrayna ilə bağlı dediklərini, eləcə də hüququn aliliyinə olan münasibətini əsas gətirirlər.
Qeyd edək ki, Donald Tramp sentyabr ayında Britaniyaya ikinci dövlət səfərini edəcəyini təsdiqləyib. Bu dəvət ona şəxsən Kral III Çarlz tərəfindən göndərilib.
Bununla belə, Birləşmiş Krallığın ABŞ ilə yeni ticarət razılaşması əldə etməyə çalışdığı bir vaxtda hökumət Tramp məsələsində daha ehtiyatlı mövqe sərgiləyir. Leyboristlər Partiyasından bəzi deputatlar əvvəlki kimi onun çıxışına qarşı çıxsa da, rəsmi dairələr diplomatik balansı qorumağa çalışırlar.