Siyasət

YAP Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirib


Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və 124 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Xəzər rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında voleybol idman yarışına start verilmişdir. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

İdman yarışını giriş sözü ilə açan Yap Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov iştirakçıları salamlayaraq ilk öncə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan geniş bəhs edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinin əsas məqsədləri ümummilli lider Heydər Əliyevin anadan olmasını təntənəli surətdə qeyd etmək, gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir.

Çıxışın sonunda hər bir komandaya uğurlar arzu edilib.

Xəzər rayon 124 saylı tam orta məktəbin direktoru Reyhan Ələkbərova çıxış edərək ümumtəhsil məktəblərində uşaq, yeniyetmə və gənclərin yaradıcılıq tələbatının ödənilməsi, asudə vaxtlarının səmərəli təşkili, məktəblilərin idmana olan marağının daha da artırılması, fiziki inkişafının təmin edilməsi məqsədilə belə tədbirlərin kütləvililiyinin artırılacağını bildirib.

Çıxışın sonunda iştirakçılara uğurlar arzu edilib.

Çıxışlardan sonra yarışlarda iştirak edəcək komandaların məşqçilərinin iştirakı ilə püşk atma mərasimi keçirilib və yarışa start verilib. Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışları 2025-ci ilin aprel ayının 21-dən etibarən başlanıb.

Yarışlarda iştirak edəcək komandaların hər birinə uğurlar arzu edirik!