Beynəlxalq şirkət elektron qaydada vergi uçotuna alınıb
“Sony Interactive Entertainment Network Europe Limited” beynəlxalq şirkəti elektron qaydada Dövlət Vergi Xidmətinin (DVX) portalında vergi uçotuna alınıb.
SİA-nın məlumatına görə, Dövlət Vergi Xidmətindən bildirilib ki, şirkətin Azərbaycanda ƏDV məqsədləri üçün qeydiyyatı aprelin 1-dən qüvvəyə minib.
Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, göstərilən tarixdən etibarən, adıçəkilən şirkət tərəfindən təqdim edilən xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdikləri ödənişlər zamanı banklar ƏDV məbləği hesablamır.
Bundan əvvəl “Apple Distribution International Limited” və “Adobe Systems Software Ireland Limited” şirkətləri də Azərbaycanda ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. DVX bu prosesin davamlı olması üçün müvafiq tədbirlər həyata keçirir. Bu addımlar rəqəmsal xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.