İqtisadiyyat

“Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı” genişləndirilib


Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası 26 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya dolu əleyhinə tor örtüyünün tor hissəsi, işğaldan azad edilmiş ərazilər üçün nəzərdə tutulmuş suvarma sistemlərinin tamamlayıcı hissələri (ərazi təzyiqli su mənbəyi ilə təmin edildikdə), torpaq eroziyasının qarşısının alınması və münbitliyin qorunması məqsədilə zolaqlı şumlama texnikası və şumsuz səpin aqreqatı, bitki zərərvericilərinin və xəstəliklərinin izlənməsi məqsədilə fenoloji və feromon kameralar əlavə edilib.

Nazirliyin Hüquq və icra intizamı şöbəsinə tapşırılıb ki, bu qərarı 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

Qərarın icrasına nəzarət nazir müavini İlhamə Qədimovaya tapşırılıb.