“Azərkosmos” və Türksat Anlaşma Memorandumu imzalayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos” və Türkiyənin aparıcı peyk telekommunikasiya şirkəti Türksat arasında Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə “Azərkosmos”a istinadən xəbər verir.
Məlumata görə, sənəd hər iki tərəf arasında peyk telekommunikasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və bilik, bacarıq və təcrübə mübadiləsinə xidmət edir.
İmzalanma mərasimi “Azərkosmos”un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub. STC çərçivəsində “Azərkosmos” 10-a yaxın Anlaşma Memorandumu imzalayacaq.
Memorandum çərçivəsində tərəflər informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində strateji, iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığı genişləndirmək niyyətindədilər.
Eyni zamanda, imzalanmış sənəd əsasında peyk xidmətləri ilə bağlı regional və beynəlxalq qanunların tənzimlənməsi, radiotezliklərin düzgün idarə olunması, coğrafi informasiya sistemləri xidmətləri, kosmik texnologiyalar, kosmik layihələrin idarə edilməsi və digər mövzular üzrə ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulub.