“Ermənistanın niyyəti sülh sazişinin imzalanmasından qaçmaqdır”
“Ermənistanın təxribatları davamlı şəkil almaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Ermənistan üzdə sülh sazişinin imzalanması prosesinin içində olduğunu nümayiş etdirir: “Ancaq əslində sülh sazişinin imzalanmasından niyyət olaraq uzaqdadır. Bunun da ifadəsi onun sərhədlərdə daim təxribatlar törətməsidir. Həm sərhədlərdə təxribat, həm bütün türk dünyasının, o cümlədən də Azərbaycanda ictimaiyyətin və dövlətin əsas nöqtələrinə uyğun olmayan hərəkətlərlə vəziyyəti gərginləşdirməyə çalışır. Məsələn, dünən İrəvanda Azərbaycan və Türkiyənin bayraqlarının yandırılması dediyim hadisələr qəbilindən qəbul oluna bilər.
Ermənistanın bu təxribatlarının qarşısının tam alınma mexanizmi çox təəssüf ki, sülh sazişinin imzalanmasa qədər yoxdur. Düşünürəm ki, saziş imzalanana qədər Ermənistanın təxribatlarının qarşısının alınması sadəcə olaraq mümkün olmayacaq. Çünki Ermənistanın niyyəti təxribatlar törətməkdir, sülh sazişinin imzalanmasından qaçmaqdır. Bölgədə dayanıqlı sülhün bərqərar edilməsinin qarşısını almağın da Ermənistanın timsalında ən əlverişli üsulu məhz təxribatlar törətmək və vəziyyəti daim gərgin halda saxlamaqdır. Buna görə də Ermənistanın bu təxribatlarının qarşısını almaq üçün mütləq dünya birliyi onu sülh sazişinin imzalanmasına vadar etməlidir. Moskva, Qərb ölkələri vadar etməlidir. Amma çox təəssüflər olsun ki, bu bölgədə müəyyən oyunçular hələlik Ermənistanı sülh sazişinin imzalanmasına tam şəkildə məcbur etməyə meyilli deyillər. Buna görə də, nə qədər acı da olsa, Ermənistanın təxribatlarının hələ davamlı olacağı fikri ilə barışmalıyıq”.