Siyasət

“Çinin Azərbaycana marağı xüsusi əhəmiyyət kəsb edir”


“Çin Xalq Respublikası ilə əməkdaşlığımız bu dərəcədə yüksək səviyyədə olması sevindiricidir. Dünyanın aparıcı iqtisadi gücü olan bir ölkənin Azərbaycanla bu formada intensiv inkişaf edən əlaqələrimizin olması bu ölkənində marağındadır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, biz bölgənin lider dövləti olaraq bu prosesləri daha da irəli götürməyi düşünürük: “Ölkə Prezidentinin Çinə səfəri və yüksək səviyyədə qarşılanması onu göstərir ki, Çinin Azərbaycana marağı xüsusi əhəmiyyət kəsb edir. Çin bizimlə müəyyən platformalarda həm siyasi, həm də hüquqi sahədə əməkdaşlıq etməyə həmişə hazır olduğunu göstərir və bu əməkdaşlıq hər zaman yüksək səviyyədə inkişaf etməyə davam edəcək”.

Deputat qeyd edir ki, Çinlə vizasız rejimin tətbiq olunması böyük bir irəliləyişdir: “Çin dövləti də bu gün dünyanın ən aparıcı dövlətidir. Çin iqtisadi gücünə görə artıq Amerika Birləşmiş Ştatlarını da üstələyən şəkildədir. Bu baxımdan Çinlə bu səviyyədə əməkdaşlıq bizim üçün çox önəmlidir. Həmçinin Prezidentin bu müsahibəsində Azərbaycanın cəlbedici tərəfi daha çox diqqətə çatdırılır. Azərbaycanla əməkdaşlıq bütün hallarda Çinində maraqlarına tam uyğundur. Bu əslində Qədim İpək Yolunun yeni bir formatda bərpasıdır. Bütün hallarda Avropaya Çin mallarının daşınması üçün müddətin azalmasıdır. Burada 12 gün müddətindən söhbət gedir. Halbuki Çin üçün bu müddət 17-18 günə gəlib başa çatır. Başqa variantlarda Azərbaycan üzərindən bu daha rahat gerçəkləşə biləcək bir vəziyyətdir. Bu baxımdan bir sıra məsələləri nəzərə almaq olduqca vacibdir. Hesab edirəm ki, bu istiqamətdə bundan sonra əməkdaşlığın faydalarını hamımız görəcəyik”.