Sosial

“Hər bir şəxsin evində “fövqəladə hallar üçün təhlükəsizlik çantası” hazır olmalıdır”


“Ümumiyyətlə, təbii fəlakətlər, fövqəladə hallar və təbiət hadisələri zamanı insanların mənəvi, fiziki, psixoloji və praktik cəhətdən hazır olması vacibdir. Belə vəziyyətlərdə necə davranmaq, hansı təhlükəsizlik qaydalarına əməl etmək və hansı addımları atmaq lazım olduğunu hər bir şəxs bilməlidir. Çünki bu cür anlarda düzgün və soyuqqanlı qərar vermək insanın özünü və ətrafındakıları xilas etməsinə səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında təhlüksizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, bu məqsədlə təbii fəlakət zamanı görüləcək tədbirlər, davranış qaydaları, özünümüdafiə üsulları, ehtiyac içində olanlara necə yardım göstərilməli, təhlükəsiz təxliyə necə həyata keçirilməli və aidiyyəti qurumlara necə xəbər verilməli olduğu barədə məlumatlı olmaq son dərəcə əhəmiyyətlidir: “Xüsusilə zəlzələ kimi hadisələrdə qorunmaq çətin olsa da, əvvəlcədən görülən hazırlıqlar həyat qurtara bilər. Məsələn, qapalı məkanda zəlzələyə yaxalanma ehtimalını nəzərə alaraq, evdə əvvəlcədən təhlükəsiz yerlər müəyyənləşdirilməlidir. Qapı arakəsmələri, stol altı və ya iri dolabların alt hissəsi nisbətən təhlükəsiz sayılır. Bu yerlər, üzərinizə düşə biləcək ağır əşyaların və ya dağıntıların qarşısını qismən ala bilər.

Zəlzələ baş verdikdə, vəziyyəti qiymətləndirərək panikaya düşmədən uyğun şəkildə hərəkət etmək lazımdır. Zəlzələ bitdikdən sonra isə, ilk növbədə qaz, su və elektrik təsərrüfatını bağlamaq, liftdən istifadə etmədən binanı tərk etmək və təhlükəsiz toplanış yerinə yollanmaq vacibdir. Aidiyyəti qurumların icazəsi olmadan mənzilə geri dönmək qəti şəkildə məsləhət deyil. Çox vaxt insanlar nəyisə unutduqları üçün mənzilə geri qayıdır və nəticədə ikinci zərbəyə, dağıntıya məruz qalırlar. Eyni şəkildə, evin yaxınlığında avtomobildə oturmaq da təhlükəlidir, çünki bina uçması zamanı avtomobildə olan şəxslər də risk altına düşür.

Təhlükəsiz toplanış yerləri məhz bu risklərin qarşısını almaq məqsədilə nəzərdə tutulub. Hər bir şəxsin evində “fövqəladə hallar üçün təhlükəsizlik çantası” hazır olmalıdır. Bu çantada əsas sənədlər, müəyyən miqdarda pul, fənər, fit, dərman vasitələri, ilkin tibbi yardım ləvazimatları, həmçinin su və tez xarab olmayan qida məhsulları olmalıdır. Əgər qida məhsulları əldə etmək mümkün olmasa belə, digərləri mütləq hazır vəziyyətdə saxlanmalıdır ki, zəruri anda çantanı götürüb dərhal evi tərk etmək mümkün olsun”.