Dünya

Ukraynaya qaz alışı üçün 410 milyon avro ayrılır


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Norveç Ukraynaya 410 milyon avro maliyyə yardımı ayıracaq. Bu maliyyə vəsaiti qış mövsümü zamanı qazın alışına sərf olunacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

Baş nazir bildirib ki, bu gün Vaşinqtonda AYİB prezidenti Odil Renaud-Basso ilə müqavilə imzalayıb.

“Belə bir sənəd Ukraynanın enerji dayanıqlığını gücləndirəcək. Saziş dövlət zəmanəti ilə AYİB-dən 270 milyon avro cəlb etməyi nəzərdə tutur ki, bu da Norveç hökumətinin 140 milyon avro məbləğində qrantı ilə müşayiət olunacaq. Bu, Ukraynanın “Naftogaz” şirkətinə növbəti istilik mövsümünə hazırlıq üçün əhəmiyyətli həcmdə təbii qaz idxal etməyə imkan verəcək”, – deyə Şmıxal qeyd edib.

Baş nazir bu razılaşmaya və davamlı dəstəyə, həmrəyliyə görə AYİB prezidentinə təşəkkür edib. Ümumilikdə, genişmiqyaslı müharibə başlayandan bəri Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynaya 6 milyard avrodan çox kredit, qrant və zəmanət ayırıb.

Xatırladaq ki, ötən həftə Ukraynanın növbəti istilik mövsümünə hazırlıq məqsədilə qaz depolamağa başladığı məlum olub. Bu, Ukraynanın Rusiya ordusunun müntəzəm hücumları nəticəsində qaz hasilatının 40 faizini itirməsi fonunda baş verib.