Kaya Kallasın Azərbaycana səfərinə dair geniş məqalə dərc olunub
“Tagesschau”: Azərbaycan – Çin strateji tərəfdaşlığı çərçivəsində nəzərdə tutulan fəaliyyət Aİ üçün böyük əhəmiyyət daşıyır
Almaniyanın aparıcı “Tagesschau” xəbər saytında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərinə dair geniş məqalə dərc olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, məqalədə qlobal gərginliklər fonunda enerji və nəqliyyat sahəsində etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycana səfər çərçivəsində Aİ rəsmisinin Çinə mühüm dövlət səfərindən qayıtmış Prezident İlham Əliyev tərəfindən qəbul edildiyi, həmçinin xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdüyü vurğulanıb. K.Kallasın Aİ-nin Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən iri investoru olaraq qalması, eləcə də Azərbaycanın da dünyanın misilsiz çağırışlarla üzləşdiyi bir zamanda Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməsi barədə fikirlərinə diqqət çəkilib.
Yazıda Prezident İlham Əliyevin Çinə dövlət səfərinin, o cümlədən səfər çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın önəmi xüsusi vurğulanıb. “Bu tərəfdaşlıq çərçivəsində bərpaolunan enerji sahəsində və Çin ilə Avropa arasında nəqliyyat infrastrukturunun inkişafı istiqamətində birgə fəaliyyət nəzərdə tutulur. Hər iki sahə Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıyır. Dünyanın dəniz yolları boyunca təhlükəsizlik vəziyyətinin qeyri-müəyyənliyi Cənubi Qafqaz vasitəsilə quru nəqliyyat əlaqələrinin önəmini daha da artırır. Məhz bu səbəbdən Kallas Bakıda Aİ ilə region arasında əlaqələrin genişləndirilməsindən danışdı. O, həmçinin uzun müddətdir gündəmdə olmayan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqların bərpasına da toxundu”, – deyə məqalədə bildirilib.
Yazıda Cənubi Qafqaz ölkələrinin – Azərbaycan, Ermənistan və Gürcüstanın quru əlaqələrinə artan maraqdan yaranan imkanlardan faydalanmaq istədikləri və bu amilin regionda mövcud maneələrin aradan qaldırılmasını zəruri etdiyi vurğulanıb.
Bundan başqa, Aİ rəsmisinin Bakıdan sonra xüsusilə Ermənistan üçün həssas bir dönəmdə İrəvana səfər etməməsinin və bu barədə heç bir aydın səbəbin göstərilməməsinin bu ölkədə təəssüf və narahatlıqla qarşılandığı qeyd olunub.