Sosial

“Hər uşağa fərdi yanaşılmalıdır”


“Bağçanın uşaqların həyatında önəmi çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Onun sözlərinə görə, uşaq yeni insanlarla salamlaşmağı, oynamağı, oyuncaqlarını paylaşmağı öyrənir. Təlim və tərbiyə birlikdə aparılır.

Tərbiyəçi yeni gələn uşağa necə davranmalıdır?

Hər uşağa fərdi yanaşılmalıdır. Çünki hər uşağın sinir sisteminin tipi, xarakterik xüsusiyyətləri, adaptasiya müddəti fərqlidir. Elə uşaqlar var ki, çox qısa zamanda bağçaya alışır, hətta valideyni onu evə aparmağa gələndə uşaq evinə getmək belə istəmir. Lakin elə uşaqlar da olur ki, xüsusən də, anadan və ya nənədən başqa heç kimlə zaman keçirməmiş uşaqlar daha çətin adaptasiya olurlar.

Uşağın bağçaya getməsi 2,5 – 3 yaşlarda olsa, daha yaxşı olar. Amma təcrübəmə əsaslanıb deyə bilərəm ki, uşağın bağçaya öyrəşməsinin onun yaşı ilə əlaqəsi yoxdur. Əgər uşaq ona baxan adama çox bağlıdırsa, bağçaya öyrəşməsi çətin görünürsə, çox yaxşı olar ki, bağçaya getməmişdən öncə anası ilə az da olsa ayrı qalmağa öyrəşdirilsin. Əgər buna baxmayaraq yenə də uşaq bağçaya alışa bilmirsə, yaxşı olar ki, bir psixoloqdan dəstək alsınlar.

Eyni zamanda bağçaya gedən uşağın gündəlik rejimi formalaşmış olur. Hər gün eyni saatda səhər yeməyi yemək, eyni vaxtda digər uşaqlarla çarpayıya uzanmaq uşaqlarda yeməyə də, yuxuya da həvəs oyadır. Hətta evində yemədiyi bir yeməyi bağçada ləzzətlə yeyən uşaqlar görmüşəm. Həmçinin doğru-yanlış davranış edən uşağa tərbiyəçinin münasibətinə görə digər uşaqlar da həmin hərəkətin doğru olub-olmadığını öyrənmiş olurlar”.