Sosial

May ayında toy şənliyi niyə keçirmək olmaz?


Nə üçün may ayında toy şənliyi keçirmək olmaz?

Hər xalqın özünəməxsus adət-ənənələri var; bu adət-ənənələrin bəzilərinin etimologiyası bəllidir, bəzilərinin isə yaranma səbəbi unudulub. Təbiətdə ilin bütün fəsilləri, bütün ayları gözəldir. Qışın öz cazibəsi var, yazın öz ləzzəti. Soyuq qış fəslindən çıxmış insanlar yazı sonsuz sevinclə qarşılayırlar. Yaz gələr-gəlməz toy-düyünlər başlayar, aprel ayının sonuna kimi bu büsat davam edər. Elə ki, may ayı gəldi, hamı toy etməyə qorxar. Təəccüblüdür. Necə olur ki, bu ayda toy-düyün sədası eşidilmir. Lakin may ayında doğulanlar, ad günü keçirənlər, ailə quranlar da az deyil.

Kimi “may ayının” “ağır ay” olduğunu söyləyir, kimi “çiçək ayı” olduğunu, kimi də bunun heç bir məntiqə əsaslanmadığını deyir. Bəzi ağsaqqallarımız bu ayı ruzi-bərəkətin əsasının qoyulması ilə əlaqələndirib onu körpə uşağa bənzədirlər. Söyləyirlər ki, körpə uşaq heç bir təməl qoya bilməz. Ona görə də, bu ayda ailə kimi çox vacib bir ictimai qurumun da təməli qoyulmamalıdır. Bu səbəbdən də bu ayda qurulan ailələr ya xoşbəxt olmur, ya da həyatları çətinliklər içərisində keçir.

Stereotip, tibbi faktorlar, yoxsa dini inanc?

Azərbaycanda may ayında toy keçirmək dəb deyil. “May ayı gəldi, toylardan canımız qurtardı”. “May boş aydır”. Səbəb nədir? Bəlkə, səbəb yasəmənin çiçəkləməsi, yağışların yağması, yoxsa mayın bərəkətsiz ay olmasıdır?

Hesab edirik ki, may ayı müsəlman dünyası üçün ən gözəl, uğurlu aylardan biridir. May ayı ilə bağlı insanlar arasında maarifləndirmə işləri aparılmalıdır. İnsanlarda psixoloji gərginlik yaratmaq lazım deyil ki, mayda toy etmək olmaz və s. Lazımsız, mənasız, əsassız fikirlərdən uzaq olmaq lazımdır. Bu ayda toy etməməyin heç bir elmi əsası yoxdur. Mart, aprel və may aylarında təbiət oyanır. Sadəcə olaraq, bəzi düzgün olmayan inanclar var. Məsələn, “may ayı çiçək tökən aydır”, “bu ay yağışlı olur” və s. Bütün bünlar insanların mənəviyyatına, psixikasına çökərək onların may ayından ehtiyat etməsinə gətirib çıxarıb.

Səbəbkar ruslar və ermənilərdir

Amma yaşlı insanlar bildirir ki, Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların Azərbaycana gəlişindən sonra başlanıb. Çünki ruslar, eləcə də ermənilər arasında da bu ayın uğursuzluğu ilə bağlı mif var. Halbuki bu miflə gerçəklik bir-birinin əksidir. Təkcə Moskvada aparılan araşdırma zamanı aydın olub ki, ruslar may ayında digər aylarla müqayisədə daha çox ailə qurur. Erməni faktoruna gəlincə, düşmənlərimiz bu ayda özlərinin qondarma soyqırım hadisələrinə 40 gün yas saxlayır ki, bu da aprelin 24-dən başlayaraq mayın 24-dək davam edir. Onlar hələ iyunun əvvəlindən 1-2 gün də daxil etməklə bu müddəti matəm kimi qeyd edirlər. Ekspertlər hesab edir ki, may ayının bu cür “qaralanmasında” Bakıda yaşayan ermənilərin də rolu var. Onların uzun illər Bakıda yaşaması nəticəsində paytaxt əhli arasında may ayı matəm ayı ünvanını qazanıb.

“Şər deməsən xeyir gəlməz”

Əvvəllər, bu ayda tarla-bostan və bağlarda çalışanların işi çox olurdu. Toy barədə düşünmək imkanı yox idi. Digər tərəfdən toy süfrə ilə bağlı olan bir mərasimdir. Hər kəs istəyir ki, toy süfrəsi müxtəlif nemətlərlə zəngin olsun. Lakin may elə bir aydır ki, kecən ilin ehtiyatları artıq tükənib, yeni meyvə və tərəvəzlər isə hələ yetişməyib. Əlbəttə, söhbət ildə bir neçə dəfə torpaqdan məhsul götürən isti ölkələrdən getmir. Hazırda bizim xalqımız üçün də, ərzaqla bağlı problem yoxdur. Müxtəlif ölkələrdən ilboyu ölkəmizə hər cür məhsullar gətirilir. Bu ayla bağlı yaranmış inanclardan birinə görə mayda toyların olmamasının səbəbi yasəmənin çiçək açmasıdır. Yasəmən qədimdən bəri uğursuzluq simvolu sayılır. Bunu isə gülün adı ilə bağlayırlar. Necə deyərlər, yasəmən çiçəyinin mənası “ya sən, ya mən” deməkdir. Yəni həmin vaxtda toy eləsən ya sən qalarsan, ya mən. Ona görə də bu dövrdə toy etmək düzgün deyil, yasəmən uğursuzluq gətirir. Bu fikrə qatılan insanlar may ayında xeyir-bərəkət olmadığını, tez-tez yağışlar yağdığına görə təbiətin ağladığını, uğursuz gül hesab edilən yasəmənin bu ayda çiçək açdığını əsas gətirərək bu ayı ağır ay hesab edir. Heç bir tarixi və mistik əsasını bilməsək də, ölkəmizdə may ayında toy keçirilməməsi adət halını almışdır. Bundan başqa, may ayında xeyir-bərəkət olmadığı da sadalanan səbəblər sırasındadır. Fikir vermişsinizsə, xüsusən kənd yerlərində insanlar toyu payız ayına, məhsulun bol vaxtına salırlar. Bu da toyun ucuz başa gəlməsinə, yeni qurulan ailənin bərəkətli olmasına dəlalət edir. May ayında çoxlu yağışların yağmasını insanlar sanki, təbiətin ağlayan dövrü kimi xarakterizə etmişlər. Təbiət ağlayarkən insanlar şadlıq etmək istəmirlər. Lakin toyların olmamasının bir səbəbi də odur ki, may ayında maygülü adlı bitki çiçək açır və may ayında da solur. Bu fikrə əsaslanan gənclər keçmişdən bəri may ayında evlənməkdən imtina edirlər. Bu fikrə qatılanlar, maygülü çiçəyi kimi sevgilərinin də tez solmasını istəmirlər. Lakin bu çox yanlış mövqedir. Əgər “maygülü” mayda açıb mayda solursa bunun ayla bir bağlılığı yoxdur, bunu insanın bir gün dünyadan köçməsi ilə də əlaqələndirmək olmaz. Görülən hər xeyir işin içində bir şər, hər şərin içində isə xeyirin olması faktdır.

Keçmişdən bu günümüzə qədər gətirilən bu qəribə adətə kortəbii şəkildə hər kəs əməl edir. Ancaq bunun hansı əsaslara söykəndiyini araşdırıb, bu “ağır ay” sindromunu qıran yoxdur. Bu tip inancların səbəbi sadəcə olaraq özünə inamsızlıqdır. “Şər deməsən xeyir gəlməz” kimi atalar sözü yuxarıda qeyd etdiyimiz fikirlərlə vəhdət təşkil edir. Şər desən, şər gələr, xeyir desən xeyir.

May aylarına “qan qaynayan” ay da deyirlər

Daha bir maraqlı səbəb isə may ayında dünya evinə girənlərin 9 ay sonra, yəni soyuq aylarda dünyaya gəlmə ehtimalıdır. Qədim zamanlarda qışda doğulan uşaqların sağ qalma ehtimalı zəif görünürdü. Buna görə də insanlar nəsillərinin davamı baxımdan bu riskə getməzdilər.

Söhbət gələcək körpələrdən düşmüşkən, internetdə bir axtarış etdik. Məlum oldu ki, yaz fəslində və konkret olaraq may ayında insanların orqanimində həm mənfi, həm də müsbət yöndə dəyişikliklər olur. Müxtəlif orqanizmlərin təbiətdə baş verən proseslərə də reaksiyası dəyişkən olur. Bir qisim insan üçün fəsil dəyişkənliyi yüksək əhval-ruhiyyə gətirə bilər, digər bir qisim üçünsə tam əksinə. Bundan əlavə, el arasında aprel və may aylarına “qan qaynayan” ay da deyirlər və bu müddətdə insanların əhval-ruhiyyəsi eynilə təbiətdə olduğu kimi oyanma ilə müşayiət edilir. May ayı ginekologiyada cinsi aktivliyin artdığı ay kimi xüsusilə qeyd olunur. Ginekoloqlar iddia edir ki, yeni ailə quran xanımlarda hamiləlik dövrü adətən bu aylardan etibarən başlayır.

Həkimlər may ayının insan orqanizminə vurduğu ziyanlardan da danışır. Onların fikrincə, ağır xəstəliklərdən əziyyət çəkənlər daha çox bu mövsümdə dünyasını dəyişir. Xəstəliklər də bu müddətdə daha da intensivləşir. Ümumənsə, tibdə fəsillər arasında orqanizm üçün ən təhlükəlisi yay sayılır.

SİA mövzu ilə əlaqədar sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyevin fikirlərini öyrənib.

Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev: “Bəşəriyyətin sosial hadisələrindən biri olan toy, müxtəlif xalqların fərqli adət və ənənələrini özündə birləşdirən, xüsusilə mədəniyyət və inanclara bağlı bir mərasimdir. Toylar hər bir millətin dəyərlərini, adət-ənənələrini və mənəvi keyfiyyətlərini əks etdirən, uzun illər boyu formalaşmış sosial tədbirlərdir. Azərbaycan xalqının da özünəməxsus toy adətləri vardır. Lakin, bu adətlər arasında bəzi etik olmayan və hətta xurafi inanclara əsaslanan əməllər mövcuddur.

Azərbaycanda bəzi toy adətləri zamanla formalaşmış və ənənə halına gəlmişdir. Lakin zamanla dəyişən dövr və cəmiyyətin inkişafı ilə bəzi adətlərin müasirləşməsi və ya tədricən ləğv edilməsi zərurəti meydana çıxıb. Toy mərasimlərinin forması və tərkibi, çox zaman o xalqların inanclarına, mədəniyyətinə və həyat tərzinə bağlı olur. Lakin zaman keçdikcə bəzi adətlərin artıq etik olmayan və cəmiyyətin dəyərlərinə uyğun gəlmədiyi göründü.

Azərbaycan toylarında bir zamanlar geniş yayılmış bir ənənə gəlinin bütün paltarlarının kamera qarşısında təqdim edilməsi idi. Bu mərasim, xüsusilə nişan mərasimində müşahidə olunurdu. Gəlinin paltarlarının ardıcıl şəkildə kamera qarşısında nümayiş etdirilməsi və bu görüntülərin ailə ilə video kasetdən izlənilməsi etik olmayan bir adət idi. İndiki dövrdə belə əməllərin tədricən aradan qaldırılması, gələcək nəsillərə daha sağlam və etik dəyərlərin ötürülməsi vacibdir.

Başqa bir ənənə isə gəlinin oğlan sinif yoldaşlarının onu dövrəyə alıb rəqs etməsidir. Bu tip adətlər bəzən gənc nəsillərin öz mədəniyyətindən uzaqlaşmasına və başqa mədəniyyətlərin təsiri altına girməsinə səbəb ola bilir. Azərbaycan xalqının milli kimliyini qorumaq və gələcək nəsillərə doğru dəyərlər aşılamaq baxımından bu cür davranışların ləğv edilməsi önəmlidir.

Azərbaycanda başqa bir xurafi inanc da may ayında toy etmək olmaz inancıdır. Bu ənənə köklü bir yanlış inanclara əsaslanır və heç bir real əsasa dayanmır. Cəmiyyətin böyük əksəriyyəti müsəlman olduğu üçün belə bir qadağa olmasının dini əsası olmadığı aydındır. Nə Qurani-Kərimdə, nə də Peyğəmbərin hədislərində may ayında toy etmək barədə hər hansı bir qadağa mövcud deyil. Əksinə, may ayı təbiətin canlandığı, günəşin istiləşdiyi və hava şəraitinin toy etmək üçün ən əlverişli dövr olduğu aylardan biridir. Bu yanlış inancı özümüzdən ataraq, cəmiyyətə doğru məlumatlar vermək və adətləri təkrarlamaq əvəzinə daha sağlam düşüncələrə sahib olmaq lazımdır.

Bəzi adətlərin xurafi inanc və yanlış düşüncələrdən qaynaqlandığını qəbul etməli və onları tədricən ləğv etməliyik. Hər bir toy sadəcə bir əyləncə və mərasim deyil, həm də milli kimliyi, ailə dəyərlərini və sosial əxlaqı əks etdirən bir hadisə olmalıdır. Gələcək nəsillər üçün doğru dəyərləri aşılamaq, həm də adətləri müasir cəmiyyətin ehtiyaclarına uyğun şəkildə dəyişdirmək lazımdır.

Nəticə etibarilə, toy adətləri sadəcə bir mədəniyyətin nümayişi deyil, həm də insanın etik və mənəvi baxışlarını göstərən bir hadisə olmalıdır. Bizim vəzifəmiz, milli kimliyimizi qorumaq və ənənələrimizi, gələcək nəsillər üçün daha sağlam və etik bir şəkildə formalaşdırmaqdır. Bu yolla cəmiyyətimizin inkişafına və insanlarımızın sosial və mənəvi rifahına töhfə vermiş olarıq”.